Xəzər Universitetinin Politologiya ixtisası üzrə II kurs tələbəsi Asiman İsmayılov idmanın qarışıq döyüş sənətləri (MMA) növü üzrə ölkə çempionatında uğurla çıxış edərək, beynəlxalq yarışda iştirak hüququ qazanıb.
2026-cı il oktyabrın 31-də keçirilən ölkə çempionatında əldə etdiyi nəticə Asimana “GAMMA World Championship” dünya çempionatında iştirak üçün lisenziyanı təmin edib. Yarışın 2026-cı il 1-7 dekabr aralığında Türkiyənin Antalya şəhərində keçirilməsi nəzərdə tutulur.
Bu nailiyyət gənc idmançının karyerasında mühüm mərhələ olmaqla yanaşı, ona beynəlxalq səviyyədə bacarıqlarını nümayiş etdirmək və müxtəlif ölkələrdən olan rəqiblərlə mübarizədə təcrübə qazanmaq imkanı yaradır. Qarşıdakı dünya çempionatı Asimanın ölkəmizi beynəlxalq idman arenasında təmsil etmək baxımından xüsusi əhəmiyyət kəsb edir.
Təhsilini idman fəaliyyəti ilə birgə davam etdirən tələbəmizin uğuru məqsədyönlü çalışmağın, əzmkarlığın və intizamın əhəmiyyətini bir daha göstərir. Onun qazandığı bu nəticə digər tələbələr üçün də təhsil və idman sahəsində qarşıya qoyulan hədəflərə doğru inamla irəliləməyə ruhlandırıcı nümunədir.