Xəzər Universitetinin III kurs filologiya tələbələri ilə tanınmış türkoloq alim professor Mehmet Ölməz arasında 2026- cı il oktyabrın 23- də onlayn elmi görüş keçirilib. Universitetin Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalovanın təşkilatçılığı ilə keçirilən seminar “Türk ləhcələrinin müqayisəli qrammatikası” fənni çərçivəsində qədim türk yazılı abidələrinin tədqiqinə həsr olunub.
Görüşü həmin fənni tədris edən Əsmər Kərimova açaraq, qonağı iştirakçılara təqdim edib. O, türk xalqlarının ortaq mədəni irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında elmi tədqiqatların və gənc tədqiqatçıların marağının əhəmiyyətini vurğulayıb. Seminar zamanı Prof. Mehmet Ölməz Orxon-Yenisey yazılı abidələri və digər qədim türk mənbələri haqqında ətraflı məlumat verib. Alim abidələrin yaranma tarixi, məzmunu, dil xüsusiyyətləri və türk dili tarixinin öyrənilməsindəki əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, bu mənbələrin qədim türk xalqlarının tarixi, dili və mədəni irsinin araşdırılması baxımından mühüm elmi dəyər daşıdığını qeyd edib.
Görüşün diqqətçəkən məqamlarından biri Prof. Mehmet Ölməzin hələ geniş auditoriyaya təqdim etmədiyi, bozkırlarda dron vasitəsilə çəkdiyi görüntüləri tələbələrlə bölüşməsi olub. Alim, həmçinin, qədim türk yazılı abidələrinin özünün çəkdiyi üçölçülü (3D) fotolarını nümayiş etdirib və görkəmli türkoloq Talat Tekinlə bağlı xatirələrini bölüşüb. Bu materiallar və şəxsi təcrübəyə əsaslanan nümunələr tələbələrin mövzuya marağını artırıb, qədim türk irsinin öyrənilməsinə fərqli perspektivdən yanaşmağa imkan yaradıb.
İnteraktiv şəraitdə davam edən görüşdə tələbələr qədim türk yazılı mənbələrinin tədqiqi, onların dilçilik baxımından əhəmiyyəti və ümumtürk mədəni irsinin qorunması ilə bağlı suallar ünvanlayıb, alimlə fikir mübadiləsi aparıblar.
Sonda tələbələr Prof. Mehmet Ölməzə elmi məlumatlarını və təcrübəsini onlarla bölüşdüyünə görə təşəkkür ediblər. Görüş tələbələrin qədim türk yazılı abidələri haqqında biliklərinin genişlənməsi və türkologiya sahəsinə maraqlarının artırılması baxımından əhəmiyyətli olub.