Xəzər Universitetinin Bakıxanov kampusunda “Career Readiness Week – Karyeraya Hazırlıq Həftəsi” layihəsi çərçivəsində 2026- cı il oktyabrın 29- da INFO DESK təşkil olunub. Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin “HRENGINEERING” MMC ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən təşəbbüs tələbələrin karyera inkişafına və əmək bazarına hazırlığına dəstək göstərmək məqsədi daşıyır.
Bu dəfə tədbirdə xüsusilə Təbiət elmləri və mühəndislik fakültəsinin müxtəlif kurslarda təhsil alan tələbələri fəallıq nümayiş etdiriblər. Tələbələr karyera planlaşdırılması, işə qəbul prosesinə hazırlıq və peşəkar bacarıqların inkişafı ilə bağlı fərdi məsləhətlərdən yararlanıblar.
INFO DESK çərçivəsində tələbələr CV-lərinin hazırlanması və təkmilləşdirilməsi, LinkedIn profillərinin daha effektiv qurulması, eləcə də iş müsahibələrində özlərini inamlı və düzgün təqdim etməyin yolları barədə praktiki tövsiyələr alıblar. Fərdi yanaşma tələbələrə öz güclü tərəflərini müəyyənləşdirmək, inkişaf etdirməli olduqları bacarıqları dəyərləndirmək və gələcək peşəkar fəaliyyətləri üçün daha aydın istiqamət seçmək imkanı verib.
“Career Readiness Week” layihəsi çərçivəsində tələbələrlə keçirilən bu görüşlər universitetdə karyera hazırlığının praktiki müstəvidə təşviqinə və gənclərin əmək bazarının gözləntiləri ilə daha yaxından tanış olmalarına şərait yaradır.
Layihənin növbəti INFO DESK görüşü 2026-cı il oktyabrın 30- da Xəzər Universitetinin Neftçilər kampusunda keçiriləcək. Tələbələr CV Clinic, LinkedIn Lab və Mock Interview istiqamətləri üzrə fərdi məsləhət və dəstək almaq imkanı əldə edəcəklər.
Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzi tələbələrin peşəkar inkişafını dəstəkləyən, onların əmək bazarına keçidini asanlaşdıran və universitetlə işəgötürənlər arasında əməkdaşlığı gücləndirən təşəbbüslərin həyata keçirilməsini davam etdirir.