Xəzər Universitetinin Psixologiya departamentinin əməkdaşı və Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloq-psixoterapevti Mirsadiq Muxtarovun iştirakı ilə 2026-cı il oktyabrın 29-da Azərbaycan Dillər Universitetində “Motivasiyanın psixologiya və neyrobiologiyasının əsasları. Stresin motivasiya və insan davranışlarına təsiri” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarın əsas məqsədi tələbələrdə motivasiyanın psixoloji və neyrobioloji əsasları, motivasiyaya təsir göstərən amillər, stresin motivasiya və insan davranışları ilə qarşılıqlı əlaqəsi haqqında ətraflı anlayış formalaşdırmaq, həmçinin, motivasiya proseslərini izah edən əsas nəzəriyyələr və stresin idarə olunması yolları barədə bilikləri artırmaq olub.
Seminarda motivasiyanın formalaşmasına təsir göstərən bioloji, psixoloji və sosial amillər, insan davranışlarının istiqamətlənməsi və davamlılığında motivasiyanın rolu, eləcə də bu proseslərin neyrobioloji mexanizmləri ətraflı şəkildə izah edilib. Bununla yanaşı, motivasiyanın müxtəlif nəzəri yanaşmalar əsasında izahı, daxili və xarici motivasiya arasındakı fərqlər, məqsədyönlü davranışların formalaşmasında emosiyaların və fərdi xüsusiyyətlərin əhəmiyyəti müzakirə olunub. Stresin insanın psixoloji vəziyyətinə, diqqətinə, qərarvermə qabiliyyətinə və fəaliyyətinə təsiri, həmçinin, stres səviyyəsi ilə motivasiya arasındakı əlaqə barədə də müzakirə aparılıb.
Mirsadiq Muxtarov çıxışında motivasiyanın psixoloji və neyrobioloji əsaslarına toxunaraq, insan davranışlarının yaranmasında beynin mükafatlandırma sisteminin, emosional proseslərin, ehtiyacların və məqsədlərin rolunu izah edib. Motivasiya ilə bağlı əsas nəzəriyyələr, insanın fəaliyyətə başlamasına və onu davam etdirməsinə təsir göstərən amillər, eləcə də motivasiyanın gündəlik həyat və peşəkar fəaliyyət baxımından əhəmiyyəti haqqında məlumat verilib. Bununla yanaşı, stresin yaranma mexanizmləri, onun motivasiya səviyyəsinə və davranışlara təsiri, stresin müəyyən şəraitdə fəaliyyətə təkan verməsi, həddindən artıq və uzunmüddətli stresin isə diqqət, emosional tənzimləmə, qərarvermə və məhsuldarlıq üzərində yarada biləcəyi mənfi təsirlər ətraflı şərh olunub. Stres və motivasiya arasındakı qarşılıqlı əlaqənin fərdi xüsusiyyətlərdən, situasiyadan və insanın mövcud resurslarından asılı olaraq dəyişdiyi vurğulanıb. Həmçinin, stresin idarə olunması, emosional özünütənzimləmə, məqsədlərin düzgün müəyyənləşdirilməsi və sağlam motivasiya strategiyalarının formalaşdırılmasının əhəmiyyəti qeyd olunub.
Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent İranə Məmmədli çıxışında seminarın əhəmiyyətini qeyd edib və bu kimi maarifləndirici tədbirlərin tələbələrin nəzəri biliklərinin genişləndirilməsi, psixoloji proseslərin elmi əsaslarının daha dərindən mənimsənilməsi və gələcək peşəkar fəaliyyətə hazırlıq baxımından əhəmiyyəti olduğunu vurğulayıb.