Xəzər Universiteti İT departamentinin rəhbəri, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Fərid Musayev WhatsApp vasitəsilə həyata keçirilən kiberdələduzluq hallarından qorunmaq üçün əsas təhlükəsizlik qaydalarına diqqət çəkib.
Ekspert bildirib ki, fırıldaqçılar tanışların və ailə üzvlərinin adından yazaraq pul istəyə, saxta investisiya təklifləri göndərə və istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməyə çalışa bilərlər. Belə mesajlar aldıqda tələsməmək, pul göndərməzdən əvvəl məlumatı başqa rabitə vasitəsilə yoxlamaq vacibdir.
Fərid Musayev WhatsApp hesablarının təhlükəsizliyini gücləndirmək üçün iki addımlı təsdiqləməni aktivləşdirməyi, qeydiyyat kodlarını və PIN-i heç kimlə paylaşmamağı, qoşulmuş cihazları mütəmadi yoxlamağı və məxfilik parametrlərini düzgün tənzimləməyi tövsiyə edib.
Mütəxəssis naməlum keçidlərə daxil olmamağın, şübhəli faylları açmamağın və həddindən artıq gəlir vəd edən investisiya təkliflərinə ehtiyatla yanaşmağın vacibliyini vurğulayıb. Təcili qərar verməyə məcbur edən və məlumatı başqaları ilə paylaşmamağı tələb edən mesajlar da şübhə doğurmalıdır.
Fırıldaqçılıqla qarşılaşdıqda şübhəli hesabı şikayət etmək və bloklamaq lazımdır. Şəxsi və ya bank məlumatları paylaşılıbsa, dərhal bankla əlaqə saxlamaq, zəruri təhlükəsizlik tədbirlərini görmək və mümkün sübutları qorumaq tövsiyə olunur.
Ekspertin sözlərinə görə, rəqəmsal təhlükəsizliyin əsas prinsipi sadədir: dayan, yoxla, təsdiqlə.
Mənbə: Big.az