Xəzər Universiteti İT departamentinin rəhbəri, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Fərid Musayev istifadədən çıxarılan mobil nömrələrin yenidən satışa çıxarılması zamanı yarana biləcək təhlükəsizlik riskləri barədə açıqlama verib.
Ekspert bildirib ki, mobil nömrələrin bank hesablarına, sosial şəbəkələrə və elektron poçta giriş üçün istifadə olunması nömrələrin yeni abonentlərə verilməsi prosesində şəxsi məlumatların qorunmasını vacib edir.
Fərid Musayevin sözlərinə görə, operatorlar nömrələri yenidən istifadəyə verməzdən əvvəl müəyyən gözləmə müddəti tətbiq etməli, əvvəlki abonentlə bağlı məlumatların təhlükəsizliyini təmin etməli və nömrənin yeni istifadəçiyə verilməsi üçün müvafiq prosedurlar həyata keçirməlidirlər.
Mütəxəssis SMS vasitəsilə göndərilən təsdiq kodlarından asılılığın azaldılmasını, autentifikasiya tətbiqlərindən, biometrik üsullardan və aparat təhlükəsizlik açarlarından istifadəni tövsiyə edib. O, həmçinin, nömrə dəyişdirildikdə bank, elektron poçt və sosial şəbəkə hesablarındakı əlaqə məlumatlarının dərhal yenilənməsinin vacibliyini vurğulayıb.
Ekspert qeyd edib ki, mobil nömrələrin təhlükəsiz dövriyyəsi yalnız operatorların deyil, bankların, digər elektron xidmət təminatçılarının və istifadəçilərin də məsuliyyətidir. Təhlükəsizliyin təmin olunması üçün bütün bu tərəflərin birgə tədbirlər görməsi və çoxqatlı müdafiə mexanizmlərinin tətbiqi vacibdir.
Mənbə: Demokrat.az