Xəzər Universiteti İT departamentinin rəhbəri, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Fərid Musayev Azərbaycanda internet xidmətlərinin keyfiyyəti və istifadəçilərin üzləşdiyi problemlərlə bağlı məqalə ilə çıxış edib.
Ekspert qeyd edib ki, rəqəmsallaşma genişlənsə də, internetin sürəti və sabitliyi ilə bağlı narazılıqlar aktual olaraq qalır. Elan edilən sürətlə faktiki göstəricilər arasındakı fərq, pik saatlarda şəbəkənin yüklənməsi, mobil rabitənin bəzi ərazilərdə zəif olması və köhnəlmiş infrastruktur əsas problemlər sırasındadır.
Fərid Musayev internetin keyfiyyətinə yalnız yükləmə sürətinin deyil, gecikmə və paket itkilərinin də təsir etdiyini vurğulayıb. O, həmçinin, routerlərin imkanlarının, Wi-Fi siqnalının, evdaxili şəbəkənin və eyni vaxtda internetdən istifadə edən cihazların sayının bağlantının keyfiyyətində rol oynadığını bildirib.
Mütəxəssis problemin müəyyənləşdirilməsi üçün internet sürətinin müxtəlif vaxtlarda ölçülməsini, mümkün olduqda Ethernet kabelindən istifadə edilməsini və nəticələr uzun müddət qənaətbəxş olmadıqda provayderə rəsmi müraciət olunmasını tövsiyə edib.
Ekspertin fikrincə, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün infrastrukturun yenilənməsi, şəbəkə tutumunun artırılması, mobil əhatə dairəsindəki boşluqların aradan qaldırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində tədbirlər gücləndirilməlidir.