Xəzər Universiteti İT Departamentinin rəhbəri, kibertəhlükəsizlik üzrə ekspert Fərid Musayev dövlət infrastrukturlarına və rəsmi saytlara qarşı kiberhücumların məqsədləri barədə danışıb.
Xezernews.az-a açıqlamasında ekspert bildirib ki, bu hücumlar cəmiyyətdə panika yaratmaq, dövlət institutlarına etimadı sarsıtmaq, informasiya müharibəsi aparmaq və strateji üstünlük əldə etmək məqsədi daşıya bilər.
Fərid Musayevin sözlərinə görə, hücumçular dövlət saytlarını ələ keçirərək, yanlış məlumatlar yaya, enerji, su, nəqliyyat və rabitə kimi kritik infrastrukturun fəaliyyətinə müdaxilə edə bilərlər. Bəzi hallarda isə məqsəd dərhal zərər vurmaq deyil, dövlətin daxili şəbəkə strukturu və texnologiyaları haqqında məlumat toplamaq, hərbi sirləri, diplomatik yazışmaları və vətəndaşların şəxsi məlumatlarını ələ keçirməkdir.
Ekspert DDoS hücumlarının saytları həddindən artıq trafiklə yükləyərək, əlçatmaz vəziyyətə saldığını, ransomware hücumlarının isə məlumatları şifrələyərək, onların bərpası müqabilində pul tələb edilməsi ilə nəticələndiyini qeyd edib.
Fərid Musayev vurğulayıb ki, kiberhücumların görünən məqsədi diqqət çəkmək, panika yaratmaq və güc nümayiş etdirmək olduğu halda, gizli hücumlar sistemlərdə uzun müddət aşkarlanmadan qalmaq, kritik məlumatları toplamaq və strateji üstünlük əldə etmək məqsədi daşıya bilər.
Mənbələr: XəzərNews.az, Bakivaxti.az, Azxeber.com