Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Günay Həsənova Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələr üçün 2026-cı il oktyabrın 14-də Azərbaycan tarixi fənni çərçivəsində növbəti dərsi Şirvanşahlar Sarayı Muzey Kompleksində təşkil etmişdir.
Dərs “IX–XIII əsrlərdə Azərbaycanda yaranmış feodal dövlətlər” mövzusuna həsr olunmuşdur. Məqsəd tələbələrin müvafiq tarixi dövr haqqında nəzəri biliklərini möhkəmləndirmək, Azərbaycanın dövlətçilik tarixi və memarlıq irsi ilə bağlı biliklərini zənginləşdirmək, tarixi mənbələrin və maddi-mədəniyyət nümunələrinin öyrənilməsinə maraqlarını artırmaq olmuşdur.
Şirvanşahlar Sarayı Muzey Kompleksinin ərazisində yerləşən saray, divanxana, türbə, məscid, hamam və digər tarixi-memarlıq abidələri ilə tanışlıq tələbələrdə böyük maraq doğurmuşdur. Həmçinin, Bayıl qalasına aid daş kitabələr və digər maddi-mədəniyyət nümunələri haqqında onlara məlumat verilmişdir.
Mövzunun tarixi məzmununa uyğun olaraq, müəllim tərəfindən orta əsrlərdə Azərbaycanda feodal dövlətlərinin yaranması və inkişafı, onların əraziləri və sərhədləri, daxili və xarici siyasətinin əsas istiqamətləri barədə ətraflı məlumat təqdim edilmişdir. Kompleksin memarlıq xüsusiyyətləri və tarixi əhəmiyyəti dövrün siyasi, iqtisadi və mədəni prosesləri ilə əlaqəli şəkildə izah olunmuşdur. Eyni zamanda, sualtı arxeoloji tədqiqatlar və onların Azərbaycanın tarixi irsinin öyrənilməsində rolu diqqətə çatdırılmışdır.
Dərs çərçivəsində dövrün etnoqrafik xüsusiyyətləri, əhalinin məişəti, sosial münasibətləri və maddi-mədəniyyət ənənələri də müzakirə edilmişdir. Tələbələrin sualları cavablandırılmış, tarixi hadisə və proseslərin qarşılıqlı əlaqəsi barədə fikir mübadiləsi aparılmışdır.
Muzey mühitində keçirilən dərs tələbələrin nəzəri biliklərinin praktik müşahidələrlə tamamlanmasına, tarixi-mədəni irsə dair araşdırma bacarıqlarının inkişafına və fənnə maraqlarının artırılmasına xidmət etmişdir. Eyni zamanda, birgə iştirak və müzakirələr tələbələr arasında ünsiyyətin, qarşılıqlı əməkdaşlığın və sosial-mədəni əlaqələrin möhkəmlənməsinə şərait yaratmışdır.
Nəticə etibarilə, Şirvanşahlar Sarayı Muzey Kompleksində keçirilən dərs Azərbaycan tarixinin orta əsrlər dövrünün öyrənilməsi baxımından səmərəli olmuş, tələbələrin tarixi biliklərinin genişləndirilməsinə və milli-mədəni irsə münasibətdə elmi yanaşmanın formalaşdırılmasına töhfə vermişdir.