Xəzər Universiteti Psixologiya departamentinin əməkdaşı, Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloq-psixoterapevti Mirsadiq Muxtarov 2026-cı il oktyabrın 14-də “Tehsil365” xəbər portalına daxili rahatlıq, xoşbəxtlik və özünü başqaları ilə müqayisə etməyin psixoloji vəziyyətə təsiri barədə fikirlərini bölüşüb.
Psixoloq bildirib ki, daxili rahatlığın qorunmasında insanın öz hisslərini tanıması, emosiyalarını anlaması və hadisələrə sağlam münasibət göstərməsi mühüm rol oynayır. Onun sözlərinə görə, özündən daim mükəmməllik gözləmək və başqalarının gözləntilərini qarşılamağa çalışmaq psixoloji gərginliyi artıra bilər. Mirsadiq Muxtarov qeyd edib ki, keyfiyyətli yuxu, fiziki aktivlik, yaxın insanlarla ünsiyyət və istirahətə vaxt ayırmaq emosional tarazlığa müsbət təsir göstərir.
Mütəxəssis vurğulayıb ki, xoşbəxtlik yalnız maddi imkanlardan və ya düşüncə tərzindən asılı deyil. Sağlamlıq, təhlükəsizlik, ailə münasibətləri və sosial mühit də insanın həyat məmnunluğunda mühüm rol oynayır. O, həmçinin, insanın mövcud imkanlarını dəyərləndirməsinin və həyatındakı müsbət məqamları görməsinin vacibliyini qeyd edib.
Mirsadiq Muxtarov özünü başqaları ilə müqayisə etməyin təsirindən də danışıb. Onun sözlərinə görə, bu müqayisə müəyyən hallarda inkişaf üçün motivasiya yaratsa da, insan öz dəyərini başqalarının uğurları ilə ölçdükdə özünəinamı azala bilər. Psixoloq sosial şəbəkələrdə insanların əsasən həyatlarının uğurlu tərəflərini paylaşmasının bu meyli gücləndirdiyini bildirib. O vurğulayıb ki, insanın öz inkişafını izləməsi, başqalarının nailiyyətlərini öz uğursuzluğu kimi qəbul etməməsi və həyatını şəxsi dəyərlərinə uyğun qurması daha sağlam yanaşmadır.
Müsahibənin tam versiyası aşağıdakı linkdə: