Xəzər Universiteti İT Departamentinin rəhbəri, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Fərid Musayev VPN xidmətlərindən istifadə zamanı yarana biləcək kibertəhlükəsizlik riskləri barədə danışıb.
AZXEBER.COM-a açıqlamasında ekspert bildirib ki, VPN internet bağlantısını şifrələsə və istifadəçinin IP ünvanını gizlətsə də, bu, bütün təhlükələrin aradan qalxması demək deyil. Xüsusilə, etibarsız və pulsuz VPN xidmətləri istifadəçilərin internet tarixçəsini, cihaz məlumatlarını və digər şəxsi informasiyalarını toplaya, hətta bu məlumatları reklam şirkətlərinə ötürə bilər.
Fərid Musayevin sözlərinə görə, zəif qorunan saytlarda daxil edilən giriş məlumatları və bank kartı informasiyaları da risk altında ola bilər. Bundan əlavə, DNS sızmaları istifadəçinin ziyarət etdiyi saytlar barədə məlumatların internet provayderinə və ya üçüncü tərəflərə açıqlanmasına səbəb ola bilər.
Ekspert istifadəçilərə etibarlı VPN provayderləri seçməyi, müstəqil auditlə təsdiqlənmiş “No-Logs” siyasətinə üstünlük verməyi və saytlara daxil olarkən HTTPS bağlantısının mövcudluğunu yoxlamağı tövsiyə edib. O vurğulayıb ki, VPN seçimi zamanı diqqətli olmaq vacibdir, çünki internet provayderindən gizlədilən məlumatlar VPN xidmətinin özü üçün əlçatan ola bilər.
Fərid Musayevin VPN istifadəsi ilə bağlı ekspert rəyi bir sıra xəbər portallarında yayımlanıb. Mövzu ilə bağlı materialları AKTA.az, Demokrat.az və AZXEBER.COM saytlarında oxumaq mümkündür.