Xəzər Universiteti İT Departamentinin rəhbəri Fərid Musayev ictimai Wi-Fi şəbəkələrindən istifadə zamanı yarana biləcək kibertəhlükəsizlik riskləri və qorunma yolları barədə danışıb.
Fərid Musayev Plat.az-a açıqlamasında bildirib ki, şifrələnməmiş şəbəkələrdə “Man-in-the-Middle” hücumları vasitəsilə istifadəçilərin məlumatlarının ələ keçirilməsi mümkündür. Saxta Wi-Fi şəbəkələri və giriş səhifələri də şifrələrin, yazışmaların və digər həssas məlumatların oğurlanması riski yaradır.
Mütəxəssis ictimai Wi-Fi vasitəsilə bank əməliyyatları aparmamağı və onlayn alış-verişdən çəkinməyi tövsiyə edib. O, həmçinin, VPN-dən istifadə etməyi, saytların HTTPS protokolu ilə işlədiyini yoxlamağı və cihazlarda avtomatik qoşulma funksiyasını söndürməyi vacib hesab edir.
Fərid Musayevin sözlərinə görə, ictimai şəbəkələrdən istifadə zamanı ehtiyatlı olmaq, şübhəli şəbəkələrə qoşulmamaq və şəxsi məlumatları qorumaq kiberhücum risklərini azaltmağa kömək edir.