Xəzər Universitetinin Hasvet Baytarlıq təbabəti fakültəsinin yeni tədris binasında 2026- cı il 6- 8 oktyabr aralığında “Dünya” məktəbinin 4-cü, 9-cu və 10-cu sinif şagirdləri ilə maarifləndirici görüş keçirilmişdir. Görüşdə şagirdlərə quduzluq xəstəliyi ilə bağlı maarifləndirici seminarın keçirilməsi, xəstəliyin heyvanlardan insanlara keçmə yolları, əsas əlamətləri və profilaktikası barədə danışılmışdır.
Eyni zamanda, quduzluqla mübarizədə ilkin tədbirlər və peyvəndlənmənin əhəmiyyəti izah olunmuşdur. Görüşdə həmçinin, Xəzər Universiteti və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin əməkdaşlığı çərçivəsində Dünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş tədbirdə “Quduzluqla mübarizə Könüllüləri” olaraq fəaliyyətə başlamış tələbələrimiz əldə etdikləri bilikləri interaktiv şəkildə şagirdlərə ötürmüşlər. Şagirdlər müzakirələrdə fəal iştirak etmişlər.
Şagirdlər həmçinin, fakültənin yeni tədris binasında yaradılmış tədris klinikası, müasir laboratoriyalar, praktik təlim otaqları və digər müasir imkanlarla tanış olmuş, baytarlıq təbabəti üzrə tədris və praktiki hazırlıq prosesi haqqında məlumat almışlar.
Görüş zamanı müasir baytarlıq təbabətinin yalnız heyvan sağlamlığının qorunması ilə məhdudlaşmadığı, qida təhlükəsizliyi, ictimai sağlamlıq və biotəhlükəsizliyin təmin edilməsində də mühüm rol oynadığı vurğulanmışdır.
Şagirdlər fakültənin tədris və tədqiqat fəaliyyəti ilə yaxından maraqlanmışlar. Görüşün gənclərin heyvan və insan sağlamlığı ilə bağlı maarifləndirilməsi, eləcə də məktəblərlə ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilmişdir.