Xəzər Universitetinin İT Departamentinin rəhbəri Fərid Musayev Azərbaycanda şəxsi məlumatların qorunması və kibertəhlükəsizlik sahəsində mövcud vəziyyəti şərh edib.
Fərid Musayev BiG.AZ-a açıqlamasında bildirib ki, rəqəmsallaşma insanların həyatını asanlaşdırmaqla yanaşı, şəxsi məlumatların sızması və kiberhücum risklərini də artırır. Azərbaycanda şəxsi məlumatların qorunması həm qanunvericilik, həm də texniki mexanizmlərlə tənzimlənir.
Mütəxəssisin sözlərinə görə, fişinq, sosial mühəndislik, ransomware və DDoS kimi kiberhücumlar dövlət qurumları, şirkətlər və fərdi istifadəçilər üçün əsas risklər sırasındadır. Xüsusilə, insan faktoru və kibertəhlükəsizlik üzrə maarifləndirmənin kifayət qədər olmaması problemlərdən biri kimi qalır.
Fərid Musayev qeyd edib ki, kiçik və orta sahibkarlıq subyektlərinin kibertəhlükələrə hazırlığı da mühüm məsələdir. Şirkətlər məlumatların qorunmasını yalnız xərc kimi deyil, biznesin davamlılığı və müştəri etimadının qorunması üçün zəruri investisiya kimi qiymətləndirməlidirlər.
Mütəxəssisin fikrincə, effektiv kibermüdafiə üçün güclü qanunvericilik, müasir texnoloji müdafiə və maarifləndirilmiş cəmiyyət paralel şəkildə inkişaf etdirilməlidir.