Xəzər Universitetinin İT Departamentinin rəhbəri Fərid Musayev Qarabağın bərpa və inkişaf prosesində süni intellekt texnologiyalarından istifadə imkanlarından danışıb.
Fərid Musayev BiG.AZ-a açıqlamasında bildirib ki, rəqəmsal və intellektual infrastrukturun inkişafı regionun gələcəkdə müasir və texnologiya əsaslı məkana çevrilməsinə imkan yarada bilər.
Mütəxəssisin sözlərinə görə, süni intellekt kənd təsərrüfatında torpağın monitorinqi, suvarmanın optimallaşdırılması və məhsuldarlığın proqnozlaşdırılmasında, enerji sektorunda isə istehsal və istehlakın balanslaşdırılmasında tətbiq oluna bilər.
Bundan əlavə, Sİ əsaslı trafik və logistika sistemləri, “ağıllı şəhər” həlləri, rəqəmsal dövlət xidmətləri və resursların idarə edilməsi regionun inkişafına töhfə verə bilər. Şəhər və infrastruktur obyektlərinin “rəqəmsal əkizlərinin” yaradılması isə müxtəlif layihələrin nəticələrini əvvəlcədən modelləşdirməyə imkan verə bilər.
Fərid Musayev qeyd edib ki, rəqəmsallaşma ilə yanaşı, kibertəhlükəsizlik və insan kapitalının inkişafına da xüsusi diqqət yetirilməlidir. Onun fikrincə, süni intellekt Qarabağın yalnız “ağıllı şəhərlər” deyil, həm də innovasiya və texnologiya mərkəzi kimi inkişafında mühüm rol oynaya bilər.