Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktoru Aytac Misgərli Azərbaycan Kitabxana-İnformasiya Konsorsiumu (AzLIC) tərəfindən EIFL (Electronic Information for Libraries) üzrə Açıq Giriş (Open Access) koordinatoru vəzifəsinə namizəd göstərilib.
Aytac Misgərli artıq EIFL-in rəsmi internet səhifəsində Azərbaycandan Açıq Giriş (Open Access) koordinatoru kimi yer alır. (https://www.eifl.net/country/azerbaijan)
EIFL kitabxanaların və informasiya xidmətlərinin inkişafını, elmi və təhsil resurslarına çıxışın genişləndirilməsini, həmçinin, açıq giriş və açıq elm təşəbbüslərinin inkişafını dəstəkləyən beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Təşkilat müxtəlif ölkələrdə kitabxanalar, informasiya mütəxəssisləri və digər tərəfdaşlarla əməkdaşlıq edərək, bilik və informasiya resurslarına çıxışın genişləndirilməsinə töhfə verir.
EIFL-in Açıq Giriş koordinatorları şəbəkəsi müxtəlif ölkələrdə açıq giriş və açıq elm sahəsində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirərək, beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və açıq elm təşəbbüslərinin inkişafına imkan yaradır.
Yeni fəaliyyət çərçivəsində Aytac Misgərli Azərbaycanda açıq giriş və açıq elm təşəbbüslərinin təşviqi, elmi informasiyaya çıxış imkanlarının genişləndirilməsi, tədqiqat nəticələrinin daha geniş auditoriyaya çatdırılması və beynəlxalq təcrübənin paylaşılması istiqamətində fəaliyyət göstərəcək.