Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin, MÜTDA və “Ağ Yelkən-Gənclik”uşaq bağçasının əməkdaşlığı çərçivəsində 2026- cı il sentyabrın 12- də məktəbəqədər təhsildə müasir yanaşmaların, effektiv təlim metodlarının və uşaqların fərdi inkişafının dəstəklənməsi məsələlərinin müzakirəsinə həsr olunmuş “Məktəbəqədər Təhsildə II Refleksiv Peşəkar Emalatxana” adlı tədbir keçirilib.
Tədbirin açılışında Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı f.ü.f.d. Milana Abbasova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbəqədər Təhsilin Təşkili sektorunun müdiri Rəna Aslanova, “Ağ Yelkən-Gənclik” körpələr evi-uşaq bağçasının direktoru Viktoriya Mustafayeva çıxış ediblər.
Emalatxana çərçivəsində ilk olaraq, bağça yaşlı uşaqların psixoloji dəyərləndirilməsi mövzusu müzakirə edilib. Psixoloq, “Uğur İnkişaf Mərkəzi”nin direktoru və Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Kamalə Əliyeva uşaqların psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi və onların inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi barədə məlumat verib.
Sonra “Diaqnostikadan fərdi inkişafa” mövzusunda çıxış edən Sayad Quliyeva, 347 nömrəli körpələr evi-uşaq bağçasının müdiri kimi, diaqnostik qiymətləndirmənin uşağın fərdi inkişafının planlaşdırılmasında rolunu diqqətə çatdırıb.
Növbəti təqdimatda “Qiymətləndirmə – izləmədən nəticəyə” mövzusu üzrə Yazgül Abbasova qiymətləndirmə prosesinin yalnız müşahidə və izləmə ilə məhdudlaşmamalı, əldə olunan nəticələrin uşağın sonrakı inkişafına istiqamət verməli olduğunu vurğulayıb.
Xəzər Universitetinin Təhsil departamentinin baş müəllimi, korreksiyaedici pedaqoq və inklüziv qrupların sədr müavini Aynur Abdullayeva uşaqların məktəbə hazırlığı və məktəbəqədər təhsildən ibtidai təhsilə uğurlu keçidinin əsas məqamları barədə çıxış edib.
Tədbirin sonrakı hissəsində uşaq bağçalarında perspektiv və cari planların hazırlanması məsələsi müzakirə olunub. “Bənövşə” uşaq bağçasının müdiri Sevinc Məmmədova planlaşdırmanın təhsil prosesinin sistemli və məqsədyönlü təşkilində əhəmiyyətini izah edib.
Emalatxananın yekun mövzusu isə “Planlaşdırmada çeviklik” olub. Məktəbəqədər təhsil eksperti, “Göyərçin” uşaq bağçasının müdiri Svetlana Mustafayeva planlaşdırma prosesində çevik yanaşmanın, dəyişən ehtiyaclara uyğunlaşmanın və təlim prosesinin uşaqların fərdi xüsusiyyətlərinə əsasən təşkil edilməsinin vacibliyindən danışıb.
Ümumilikdə, tədbir zamanı qiymətləndirmə, diaqnostika, fərdi inkişaf, psixoloji yanaşma, məktəbə keçid və çevik planlaşdırma kimi bir-biri ilə əlaqəli istiqamətlər müzakirə olunub. Emalatxananın əsas məqsədi məktəbəqədər təhsil mütəxəssisləri arasında peşəkar təcrübə mübadiləsini gücləndirmək və effektiv təlimin planlaşdırılması üçün praktik yanaşmaların paylaşılmasına şərait yaratmaq olub.