Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri, dosent Telman Nüsrətoğlu 2026- cı il sentyabrın 15- də Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı TRT Haber və TRT AVAZ kanallarına müsahibə verib. Müsahibə hər iki televiziya kanalında yayımlanıb.
Dos. Telman Nüsrətoğlu müsahibəsində XX əsrin əvvəllərində regionda hökm sürən mürəkkəb hərbi-siyasi şəraitə diqqət çəkərək, Osmanlı dövlətinin Azərbaycanı dəstəkləmək məqsədilə hərbi qüvvə formalaşdırmasını və Qafqaz İslam Ordusunun Azərbaycandakı fəaliyyətini geniş şəkildə şərh edib.
Tarixçi alim Gəncədən başlayan və Bakının azad edilməsinə qədər davam edən hərbi əməliyyatların gedişinə toxunaraq, Azərbaycan və Osmanlı hərbi qüvvələrinin çiyin-çiyinə apardığı mübarizənin tarixi əhəmiyyətini qeyd edib. Qafqaz İslam Ordusunun döyüş yolu Gəncədən başlayaraq Göyçay, Kürdəmir, Ağsu, Şamaxı və digər istiqamətlərdən keçərək, Bakıya qədər davam edib və şəhər 15 sentyabr 1918-ci ildə azad edilib.
Müsahibədə 15 sentyabr tarixinin Azərbaycan-Türkiyə qardaşlığının tarixində xüsusi və müstəsna əhəmiyyət daşıdığı vurğulanıb. Dos. Telman Nüsrətoğlu bu tarixi hadisənin iki qardaş xalq arasındakı həmrəyliyin və qarşılıqlı dəstəyin mühüm nümunələrindən biri olduğunu diqqətə çatdırıb.