AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi zalında 2026- cı il sentyabrın 7- də “Keçmişin sədası” adlı sərginin açılış mərasimi keçirilib. Azərbaycanın tarixi və milli-mədəni irsini gənc rəssamların yaradıcılığı vasitəsilə təqdim edən sərgi AAİ-nin “Elmi Ekspozisiyanın Təşkili” şöbəsinin nəzdində fəaliyyət göstərən Arxeoloji dərnək tərəfindən təşkil olunub.
Sərginin təşkilində Xəzər Universitetinin tələbə və müəllimləri də fəal iştirak ediblər. Arxeoloji dərnəyin katibi, “Xəzər”in Tarix müəllimliyi ixtisasının III kurs tələbəsi Nəzrin Quliyeva, dərnəyin tədbirlər qrupunun üzvləri, həmçinin, Tarix müəllimliyi ixtisasının III kurs tələbələri Aygün Yusifova və Saray Balakişiyeva sərginin təşkilati işlərinə kömək ediblər.
Layihə çərçivəsində universitet texniki və təşkilati dəstək göstərib.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun “Elmi Ekspozisiyanın Təşkili” şöbəsinin müdiri, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Orxan Zamanov çıxışında gənclərin elmi, təşkilati və yaradıcı fəaliyyətə cəlb olunmasının əhəmiyyətindən danışaraq, Arxeoloji dərnəyin bu istiqamətdə həyata keçirdiyi layihələrə toxunub.
Sərginin açılışında “Xəzər”in Memarlıq və dizayn departamentinin müəllimi İskəndər Məmmədov, rəssam Məryəm Məmmədova, heykəltəraş Məmməd Rəşidov və Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Emin Dadaşov da iştirak ediblər.
Sərgidə Azərbaycan tarixindən, arxeoloji irsdən, memarlıq abidələrindən, milli ornamentlərdən və xalçaçılıq ənənələrindən bəhs edən rəngkarlıq, xalçaçılıq, keramika və dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilib.