Süni intellektdən emosional dəstək almaq və gələcəklə bağlı proqnozlar istəmək geniş yayılmağa başlayıb. Lakin bu yanaşmanın müəyyən riskləri mövcuddur.
Xəzər Universiteti İT Departamentinin rəhbəri Fərid Musayev bildirib ki, süni intellekt insan hislərini real şəkildə yaşamır və onun emosional cavabları real empatiyanı əvəz etmir. Bu səbəbdən Sİ-dən düşüncələri ifadə etmək və sistemləşdirmək üçün istifadə etmək mümkün olsa da, onu psixoloji müalicənin əvəzi kimi qəbul etmək düzgün deyil.
Ekspertin sözlərinə görə, süni intellekt gələcəyi bilmir. Onun verdiyi cavablar mövcud məlumatlar əsasında formalaşan ehtimallar və proqnozlardır.
Fərid Musayev qeyd edib ki, Sİ-nin əsas potensialı məlumatların təhlili, kodlaşdırma, öyrənmə, problemlərin həlli və digər intellektual fəaliyyətlərdə insanın imkanlarını genişləndirməkdir.
“Süni intellekt insan ruhunun əvəzedicisi deyil, zəkanın genişləndiricisi olmalıdır”, – deyə departament rəhbəri vurğulayıb.