Xəzər Universitetində 2026–2027-ci tədris ili çərçivəsində Fulbrayt proqramı üzrə universitetə dəvət olunmuş Fulbright English Teaching Assistant (ETA) Cross Harris ilə 2026- cı il sentyabrın 9- da görüş keçirilib.
Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dr. Milana Abbasova, fakültənin kafedra əməkdaşları, eləcə də Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirak ediblər.
Görüşün əsas məqsədi Cross Harrisin universitetin akademik mühiti və tədris prosesi ilə tanış edilməsi, eləcə də qarşıdakı tədris ili çərçivəsində həyata keçiriləcək akademik fəaliyyətlərin müzakirəsi olub. Bu çərçivədə qonağa Xəzər Universitetinin fəaliyyəti, akademik strukturu və tədris prosesi haqqında ümumi məlumat təqdim edilib. Eyni zamanda, 2026–2027-ci tədris ili üzrə tədris planı, uyğun kurslar və tələbə qrupları barədə ətraflı məlumat verilib.
Görüş zamanı qarşıdakı tədris dövründə Cross Harris tərəfindən həyata keçiriləcək tədris fəaliyyəti, tələbələrlə iş və mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər arasında səmərəli akademik əməkdaşlığın qurulması və Fulbrayt proqramının yaratdığı imkanlardan universitet ictimaiyyətinin faydalanması ilə bağlı məsələlər də diqqət mərkəzində olub.
Görüşün sonunda Cross Harrisə Xəzər Universitetinin xatirə hədiyyəsi təqdim olunub.
Xəzər Universiteti Fulbrayt proqramı çərçivəsində beynəlxalq akademik əməkdaşlığın inkişaf etdirilməsinə, universitetin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsinə, eləcə də həm akademik heyətin, həm də tələbələrin beynəlxalq təcrübə və imkanlardan faydalanmasına xüsusi önəm verir.