Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, dosent Telman Nüsrətoğlu 2026- cı il sentyabrın 8-də Aztv və Arb24 televizyalarının canlı yayın qonağı olub.
Dosent Telman Nüsrətoğlu proqramlardakı çıxışında Rusiya-Ukrayna müharibəsi ətrafında son dövrlərdə intensivləşən diplomatik prosesləri və beynəlxalq münasibətlər sistemində baş verən mühüm dəyişiklikləri geniş şəkildə təhlil edib.
Verilişlərdə ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində həyata keçirdiyi son diplomatik təşəbbüslər, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin Moskvaya səfəri, ardınca Prezident Donald Trampın nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Moskva ilə diplomatik təmasları, eləcə də Moskva ilə Kiyev arasında aparılan danışıqlar ətraflı müzakirə olunub. Çıxış zamanı mümkün atəşkəs və sülh sazişinin perspektivləri, ABŞ-ın prosesdəki vasitəçilik təşəbbüsləri, Avropa İttifaqı ölkələrinin müharibənin sonlandırılması məsələsinə münasibəti və Avropanın təhlükəsizlik arxitekturasında yaranan yeni reallıqlar da diqqət mərkəzində olub.Departament müdiri həmçinin, Ukraynanın müqavimət strategiyasının əsas istiqamətlərindən danışıb. Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsi, uzaqmənzilli raketlərdən istifadə etməklə hərbi və strateji obyektləri hədəfə alması müharibənin gedişinə təsir edən mühüm amillərdən biri kimi qiymətləndirilib. Müzakirələr zamanı Rusiyanın qarşılaşdığı hərbi-strateji çətinliklərlə yanaşı, ölkənin sosial-iqtisadi vəziyyəti, müharibənin Rusiya cəmiyyətinə təsirləri və prosesin daha geniş geosiyasi nəticələri də təhlil edilib. Tarixçi alim qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi artıq yalnız iki ölkə arasındakı hərbi qarşıdurma çərçivəsində deyil, ABŞ, Rusiya və Avropa arasında qlobal güc balansının, təhlükəsizlik sisteminin və geosiyasi maraqların yenidən formalaşması kontekstində qiymətləndirilməlidir. Aparılan müzakirələrdə müharibənin mümkün inkişaf ssenariləri, diplomatik danışıqların perspektivləri və tərəflərin qarşıdakı mərhələdə atacağı addımlar ətrafında geniş fikir mübadiləsi aparılıb.