Müasir dövrdə internet uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Bununla yanaşı, rəqəmsal mühit kiberbullinq, yaşa uyğun olmayan məzmun, onlayn tanışlıq və şəxsi məlumatların oğurlanması kimi risklər də yaradır.
Xəzər Universitetinin İT Departamentinin rəhbəri Fərid Musayev bildirib ki, uşaqları internetdən tamamilə uzaqlaşdırmaq düzgün yanaşma deyil. Əsas məqsəd onlara rəqəmsal mühitdən təhlükəsiz və şüurlu istifadə etməyi öyrətməkdir.
Onun sözlərinə görə, valideynlər uşaqlarla güvən əsaslı ünsiyyət qurmalı və internetdə hər hansı problemlə qarşılaşdıqda onların rahat şəkildə valideynə müraciət edə bilməsini təmin etməlidirlər.
Fərid Musayev valideyn nəzarəti vasitələrindən, o cümlədən, Google Family Link kimi həllərdən istifadəni, ekran vaxtının tənzimlənməsini və yaşa uyğun olmayan məzmunun məhdudlaşdırılmasını da tövsiyə edib.
Ekspert uşaqlara tanımadıqları şəxslərə etibar etməməyi, şəxsi məlumat və fotoları paylaşmamağı, onları narahat edən məzmunla qarşılaşdıqda isə dərhal valideynlərinə məlumat verməyi öyrətməyin vacibliyini vurğulayıb.
https://big.az/592965-usaqlari-internetin-gorunmez-tehlukelerinden-nece-qorumali.html