Xəzər Universitetinin Tarix və arxeologiya departamentində 2026- cı il sentyabrın 7- də yeni tədris ili ilə bağlı geniş tərkibli iclas keçirilib.
İclasda departamentin professor-müəllim heyəti, eləcə də yeni tədris ilində universitetdə fəaliyyətə başlayan tarixçi müəllimlər iştirak ediblər.
İclası giriş sözü ilə açan Tarix və arxeologiya departamentinin müdiri, dosent Telman Nüsrətoğlu yeni müəllimləri Xəzər Universitetində fəaliyyətə başlamaları münasibətilə təbrik edib, onlara akademik fəaliyyətlərində uğurlar arzulayıb. Çıxışında “Xəzər”də tədris prosesinin spesifik xüsusiyyətlərindən bəhs edən departament müdiri müasir dövrdə tarix fənni tədrisinin qarşısında duran yeni çağırışlara diqqət çəkib. O, tarix dərslərinin yalnız ənənəvi mühazirə formatı ilə məhdudlaşmamasının, müasir, innovativ və interaktiv metodlardan, vizual materiallardan, xəritələrdən, rəqəmsal resurslardan və digər tədris vasitələrindən geniş istifadə edilməsinin vacibliyini vurğulayıb. Dosent T. Nüsrətoğlu semestrə hazırlıq məsələlərinə də toxunaraq, fənn proqramlarının və sillabusların keyfiyyətli hazırlanması, dərslərin tələbəyönümlü təşkili, tələbələrin müstəqil düşünmə və analitik təhlil bacarıqlarının inkişaf etdirilməsi, həmçinin, onların elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasının əhəmiyyətini qeyd edib. İclasda yeni tədris ilinin əsas prioritetləri, fənlərin tədrisinin təşkili, müəllimlər arasında akademik əməkdaşlığın gücləndirilməsi və tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonra departamentin müəllimləri çıxış edərək, Xəzər Universitetinin Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrindən biri olduğunu, universitetdə daim yeniliklərə və müasir təhsil yanaşmalarına açıq akademik mühit formalaşdığını bildiriblər. Müəllimlər yeni tədris ili ilə bağlı öz təklif və fikirlərini bölüşüb, qarşıdakı semestrdə görüləcək işlər ətrafında geniş müzakirə aparıblar.