Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Samirə Hadıyeva Saint John’s University-də (Collegvile, Minnesota, ABŞ) təşkil olunmuş "Intermediate Classical Armenian" (Orta Səviyyə Qədim Erməni Dili (Qrabar)) üzrə üçhəftəlik intensiv yay kursunda iştirak edib.
Doktorantlar və gənc tədqiqatçılar üçün nəzərdə tutulan Proqram 2026- cı il 5- 25 iyul aralığında Dumbarton Oaks və HMML (Hill Museum & Manuscript Library) təşkilatlarının birgə tərəfdaşlığı ilə reallaşdırılıb.
Tədqiqatçı Samirə Hadıyevanın bu beynəlxalq proqramda iştirakı Azərbaycanın qədim və orta əsrlər tarixinin, eləcə də maddi-mədəniyyət nümunələrinin dərindən araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Proqram çərçivəsində tədqiqatçı müxtəlif dövrlərə aid, fərqli yazı üslublarında və tərzlərində qələmə alınmış orijinal əlyazmalarla yaxından tanış olmaq imkanı əldə edib. Orta əsrlərə aid bu cür elmi, tarixi mənbələrin və əlyazma nüsxələrinin birbaşa orijinal dildən tədqiqi regionun siyasi, sosial və mədəni tarixinin obyektiv faktlarla işıqlandırılması üçün vacibdir.
Eyni zamanda, Qafqaz Albaniyasının tarixi, xristianlıq dövrü dini-memarlıq abidələri və maddi mədəniyyət nümunələri haqqında məlumatlar dövrün erməni dilli mənbələrində də öz əksini tapmışdır. Bu dili və fərqli dövrlərin əlyazma tiplərini mənimsəmək Qafqaz Albaniyasına aid tarixi həqiqətlərin və abidələrin ilkin mənbələr əsasında, təhrifsiz araşdırılmasına geniş imkanlar yaradır.
Xəzər Universitetinin Tarix və arxeologiya departamenti əməkdaşının belə nüfuzlu akademiyalarla tərəfdaşlıq layihələrində təmsil olunması ölkəmizdə qədim mənbəşünaslıq və albanşünaslıq sahəsində aparılan elmi tədqiqatların inkişafına mühüm töhfədir.