Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin rəhbəri Fərid Musayev Azərbaycanda internet trafikinin lokallaşdırılması, mümkün yeni tariflər və genişzolaqlı internet xidmətlərində minimum sürətin artırılması ilə bağlı gözlənilən dəyişiklikləri şərh edib.
Mövzu ilə bağlı Plat.az-a açıqlama verən Fərid Musayev bildirib ki, internet trafikinin lokallaşdırılması texniki baxımdan bir sıra üstünlüklər yarada bilər. Məlumatların ölkə daxilində ötürülməsi internet bağlantısının sürətinin artmasına və gecikmənin azalmasına, həmçinin, bağlantının daha stabil olmasına imkan verə bilər.
Ekspertin sözlərinə görə, lokallaşdırma provayderlərin beynəlxalq trafik üçün ödədiyi tranzit və digər xarici xərclərin azalmasına da şərait yarada bilər. Lakin bu halda əldə olunan iqtisadi üstünlüyün istifadəçiyə daha münasib tarif və ya daha keyfiyyətli xidmət şəklində əks olunması vacibdir.
Fərid Musayev internet trafikinin lokallaşdırılmasını Azərbaycanın rəqəmsal suverenliyi və məlumat təhlükəsizliyi baxımından da əhəmiyyətli hesab edir. Onun sözlərinə görə, məlumatların ölkə daxilində qalması xarici yurisdiksiyalardan asılılığı azalda və yerli infrastrukturda kiberhücumlara daha operativ reaksiya verməyə imkan yarada bilər.
Bununla yanaşı, ekspert lokallaşdırmanın yeni risklər də yarada biləcəyini qeyd edib. Trafikin az sayda Data Mərkəz və İnternet Mübadilə Mərkəzində cəmləşməsi həmin infrastrukturları DDoS hücumları və digər təhdidlər üçün daha kritik hədəfə çevirə bilər. Buna görə də lokallaşdırma güclü ehtiyat infrastrukturu və yüksək səviyyəli kiber müdafiə ilə müşayiət olunmalıdır.
Fərid Musayev “Aztelekom” MMC-nin trafikin lokallaşdırılması xidməti üzrə yeni tariflərlə bağlı müraciətinə də münasibət bildirib. Ekspert qeyd edib ki, yeni tariflərin təsiri xidmətin kimlər üçün nəzərdə tutulacağından və qiymətlərin necə formalaşdırılacağından asılı olacaq.
Onun sözlərinə görə, müsbət ssenaridə beynəlxalq trafik xərclərinin azalması istifadəçilər üçün daha münasib qiymət və ya daha yüksək sürət şəklində özünü göstərə bilər. Digər ssenaridə isə lokallaşdırılmış trafik “premium” xidmət kimi təqdim olunaraq, əlavə ödəniş tələb edə bilər. Bu halda internet xidmətlərinin istifadəçilər üçün bahalaşması riski yaranır.
Ekspertin fikrincə, əsas məsələ lokallaşdırmanın yaratdığı iqtisadi üstünlüyün istifadəçiyə necə ötürüləcəyidir. Tarif dəyişiklikləri zamanı həm xidmətin keyfiyyəti, həm də qiymət-sürət nisbəti nəzərə alınmalıdır.
Fərid Musayev GPON bazarında minimum internet sürətinin artırılması ehtimalını da şərh edib. O bildirib ki, rəqəmsal xidmətlərə tələbatın artması fonunda mövcud minimum sürət standartlarının yenidən nəzərdən keçirilməsi texnoloji baxımdan əsaslandırıla bilər. Xüsusilə, 4K video, onlayn oyunlar, məsafədən iş və digər rəqəmsal xidmətlər daha yüksək və stabil bağlantı tələb edir.
Ekspertin sözlərinə görə, minimum sürətin artırılması istifadəçilərin daha keyfiyyətli internet xidmətlərindən yararlanmasına imkan verə bilər. Lakin bu dəyişiklik tarif artımına səbəb olarsa, aşağı büdcəli istifadəçilər üçün internet xidmətlərinin əlçatanlığı məsələsi də nəzərə alınmalıdır.
Fərid Musayev vurğulayıb ki, minimum internet sürətinin artırılmasında əsas məqsəd istifadəçilərə daha yüksək keyfiyyətli xidmət təqdim etmək olmalıdır. Texnoloji yenilənmə tariflərin süni şəkildə artırılması üçün əsaslandırmaya çevrilməməlidir.