Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin rəhbəri Fərid Musayev yeniyetmələrin informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadəsinin onların inkişafına təsiri və bu sahədə düzgün yanaşmalar barədə ekspert fikirlərini bölüşüb.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən Fərid Musayev bildirib ki, İKT-nin uşaqların inkişafına təsirini yalnız müsbət və ya mənfi kimi qiymətləndirmək doğru deyil. Onun sözlərinə görə, əsas məsələ texnologiyadan necə və hansı məqsədlə istifadə edilməsidir.
Ekspert qeyd edib ki, rəqəmsal texnologiyalardan həddindən artıq və nəzarətsiz istifadə bəzi hallarda uşaqların diqqətinin dağılmasına, uzunmüddətli məqsədlərə fokuslanmaqda çətinlik çəkməsinə və sosial bacarıqlarının inkişafında müəyyən problemlərə səbəb ola bilər. Eyni zamanda, ekran qarşısında həddindən artıq vaxt keçirmək fiziki aktivliyin azalmasına da təsir göstərir.
Bununla yanaşı, Fərid Musayev İKT-nin uşaqlara geniş inkişaf imkanları yaratdığını vurğulayıb. Onun sözlərinə görə, rəqəmsal texnologiyalar vasitəsilə uşaqlar proqramlaşdırma, dizayn, xarici dillər, elm və texnologiya sahələrində biliklərini inkişaf etdirə, qlobal informasiya resurslarına çıxış əldə edə bilirlər.
Ekspert bildirib ki, müasir əmək bazarında rəqəmsal savadlılıq mühüm bacarıqlardan biri hesab olunur. Bu baxımdan, texnologiyalarla işləməyi öyrənən və düzgün istiqamətləndirilən uşaqlar gələcəyin peşəkar mühitinə daha hazırlıqlı ola bilərlər.
Fərid Musayev uşaqları İKT-dən tamamilə uzaqlaşdırmağın nə real, nə də uzunmüddətli perspektivdə düzgün yanaşma olduğunu qeyd edib. Onun fikrincə, əsas məqsəd texnologiyanı uşağın həyatından çıxarmaq deyil, ondan təhlükəsiz, balanslı və səmərəli istifadə bacarıqlarını formalaşdırmaqdır.
Ekspertin sözlərinə görə, uşaqlar texnologiyadan yalnız əyləncə məqsədilə deyil, yaradıcı və inkişafyönümlü fəaliyyətlər üçün də istifadə etməyə təşviq olunmalıdırlar. Proqramlaşdırma, rəqəmsal yaradıcılıq, araşdırma və layihə fəaliyyəti bu istiqamətdə mühüm rol oynaya bilər.
Fərid Musayev həmçinin, rəqəmsal gigiyena və tənqidi düşüncənin inkişafının vacibliyini vurğulayıb. O qeyd edib ki, ekran vaxtı uşağın yaşına və gündəlik fəaliyyətlərinə uyğun tənzimlənməli, texnologiya ilə keçirilən vaxt idman, kitab oxumaq və sosial fəaliyyətlərlə balanslaşdırılmalıdır.
Ekspertin fikrincə, ən effektiv yanaşma texnologiya ilə real həyat fəaliyyətlərini birləşdirən hibrid inkişaf modelidir. Bu model uşaqların həm rəqəmsal bacarıqlarını, həm də sosial və fiziki inkişafını dəstəkləyir.