Xəzər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dr. Firuz Süleymanov və şöbənin koordinatoru Seyran Əliyeva Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Sabancı Universitetində işgüzar görüşdə olublar.
Görüş zamanı universitetlər arasında akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər tələbə və işçi heyəti mübadilə proqramları, beynəlxalq mobillik imkanları, ikili diplom proqramlarının yaradılması, eləcə də gələcək institusional tərəfdaşlıq perspektivləri üzrə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.
Bununla yanaşı, tarix və siyasi elmlər sahələrində əməkdaşlıq imkanları, doktorantların iki universitet arasında birgə elmi rəhbərlik modeli əsasında tədqiqat aparması perspektivləri, akademik əməkdaşlığın inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, doktorantura proqramları üzrə gələcək əməkdaşlıq istiqamətlərindən də danışılıb.
Tərəflər əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələrin davam etdirilməsini yəqinləşdiriblər. Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dr. Firuz Süleymanov və şöbənin koordinatoru Seyran Əliyevanın İstanbul Gedik Universitetində keçirdikləri işgüzar görüş zamanı ali təhsil sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi əsas müzakirə mövzusu olub.
Tərəflər tələbə və akademik heyətin mübadiləsi, Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq, mobillik layihələri, ikili diplom proqramlarının yaradılması və beynəlxalq layihələrdə birgə iştirak imkanları üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Həmçinin, universitetlərin beynəlxalqlaşma strategiyaları, təcrübə mübadiləsi və gələcəkdə institusional əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Dr. Firuz Süleymanov və koordinator Seyran Əliyeva Türkiyənin İstanbul Universitetində də işgüzar görüşdə olublar. Görüş zamanı universitetlər arasında akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tərəflər mübadilə proqramları, Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq, beynəlxalq mobillik imkanları, ikili diplom proqramlarının yaradılması, birgə təhsil və tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də gələcək institusional tərəfdaşlıq perspektivləri üzrə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.
Bununla yanaşı, qısamüddətli akademik mübadilə proqramları, tədris və tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, müəllim və tələbə heyəti arasında təcrübə mübadiləsi və birgə beynəlxalq təşəbbüslərin həyata keçirilməsi imkanlarından da danışılıb.
Görüşün yekununda Xəzər Universiteti ilə İstanbul Universiteti arasında Anlaşma Memorandumu və Mübadilə müqaviləsi imzalanıb.
Tərəflər əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.