Türkiyənin İstanbul şəhərində yerləşən İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə 2026- cı il 6- 15 iyul aralığında III Türk Dünyası Yay Forumu keçirilir. Forum Türk Dövlətləri Təşkilatı (TDT), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar Başqanlığının (YTB) tərəfdaşlığı ilə təşkil olunmuşdur.
Artıq ənənəvi beynəlxalq akademik platformaya çevrilən Türk Dünyası Yay Forumu bu il də geniş coğrafiyanı əhatə edən iştirakçı tərkibi ilə diqqət çəkir. Forumda 26 ölkədən 150-yə yaxın alim, tədqiqatçı, ekspert, dövlət rəsmisi və siyasət üzrə mütəxəssis iştirak edir. Tədbir yalnız Türk dünyası ölkələrinin nümayəndələrini deyil, həmçinin, ABŞ, Böyük Britaniya, Rusiya, Çin və müxtəlif Avropa ölkələrindən olan alim və ekspertləri bir araya gətirərək, Türk dünyasının siyasi, iqtisadi, təhlükəsizlik, təhsil, mədəniyyət və regional əməkdaşlıq məsələlərinin elmi müstəvidə müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynayır.
Forumun açılış mərasimində İbn Haldun Universitetinin rəhbər heyəti, Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin müdiri Prof. Yaşarı Sarı, Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Nuru Quliyev, tərəfdaş təşkilatların nümayəndələri, eləcə də müxtəlif ölkələrdən gəlmiş alim və ekspertlər iştirak etmişlər. Açılış nitqlərində Türk dünyasında akademik əməkdaşlığın gücləndirilməsi, ortaq elmi layihələrin təşviqi və gənc tədqiqatçıların beynəlxalq elmi şəbəkələrə inteqrasiyasının əhəmiyyəti xüsusi vurğulanmışdır. Rəsmi açılış mərasimindən sonra forum öz işini panel iclasları və elmi müzakirələrlə davam etdirmişdir.
Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, dosent Orxan Vəliyev forumun təşkilat komitəsinin üzvü olmaqla yanaşı, artıq üçüncü dəfədir ki, tədbirdə məruzəçi qismində iştirak edir. Bu, Xəzər Universitetinin Türk dünyasında formalaşan akademik əməkdaşlıq platformalarında fəal iştirakının və universitetin beynəlxalq elmi nüfuzunun daha da möhkəmləndirilməsinin göstəricilərindən biridir.
Dosent Orxan Vəliyev forum çərçivəsində "Milli inteqrativ siyasət kontekstində Cənubi Qafqazın yenidən dəyərləndirilməsi: Azərbaycan nümunəsi" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycanın milli inteqrativ siyasət modeli nəzəri və praktik aspektlərdən təhlil olunmuş, postmünaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar, regional inteqrasiyanın perspektivləri, dövlətlərarası əməkdaşlığın inkişaf imkanları və Azərbaycanın bölgədə oynadığı strateji rol elmi yanaşma əsasında qiymətləndirilmişdir. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanmış, təqdimatdan sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış və müxtəlif ölkələrdən olan tədqiqatçıların sualları cavablandırılmışdır.
Forum çərçivəsində iştirakçılar Türk Dövlətləri Təşkilatının İstanbul şəhərində yerləşən qərargahını da ziyarət etmişlər. Ziyarət zamanı təşkilatın Baş katibinin müavini Nuru Quliyev və Orhun Mübadilə Proqramıda ali təhsil məsələləri üzrə məsləhətçi Dr. Zebiniso Kamal ilə görüş keçirilmişdir. Görüş zamanı Türk Dövlətləri Təşkilatının ali təhsil sahəsində həyata keçirdiyi əməkdaşlıq proqramları, akademik mobilliyin genişləndirilməsi, universitetlər arasında ortaq layihələrin inkişaf etdirilməsi və Türk dünyasında elmi əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Forumun proqramı çərçivəsində “SOCAR Türkiyə”nin Baş icraçı direktoru (CEO) Elçin İbadov da çıxış edərək, Türk dünyasında enerji əməkdaşlığı, iqtisadi inteqrasiya və elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr barədə iştirakçılara məlumat vermişdir. Qeyd olunmuşdur ki, İbn Haldun Universiteti nəzdində fəaliyyət göstərən Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzi məhz “SOCAR Türkiyə”nin dəstəyi ilə yaradılmış və hazırda Türk dünyasına dair elmi tədqiqatların aparılması, beynəlxalq akademik əməkdaşlığın inkişaf etdirilməsi, ortaq elmi platformaların formalaşdırılması istiqamətində mühüm fəaliyyət göstərir.
III Türk Dünyası Yay Forumu Türk dövlətləri arasında elmi əməkdaşlığın dərinləşdirilməsi, ortaq akademik şəbəkələrin genişləndirilməsi və akademik dialoqun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Xəzər Universitetinin bu nüfuzlu beynəlxalq tədbirdə fəal şəkildə təmsil olunması universitetin beynəlmiləlləşmə strategiyasına, eləcə də Türk dünyasının aparıcı ali təhsil və tədqiqat institutları ilə əməkdaşlığının daha da genişlənməsinə mühüm töhfə verir.