Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu və ADA Universitetinin Qazax Mərkəzinin birgə təşkilatçılığı ilə 2026-cı il iyunun 18- də “Bölgəmizin qədim tarixi və arxeologiyası: yeni tədqiqatlar və elmi nəticələr” mövzusunda sərgi və beynəlxalq elmi seminar keçirilmişdir.
Tədbirin məqsədi Azərbaycanın qərb bölgəsinin zəngin arxeoloji irsinin, bəşər tarixinin ilkin mərhələlərini əks etdirən qədim yaşayış məskənləri və düşərgələrinin elmi əhəmiyyətinin geniş auditoriyaya çatdırılması, Keşikçidağ qoruğu ərazisində və ətraf bölgələrdə aparılan arxeoloji tədqiqatların nəticələrinin ictimaiyyətə təqdim olunması, həmçinin, ölkədaxili və beynəlxalq elmi əməkdaşlığın inkişafına töhfə verilməsi olmuşdur.
Seminarda ADA Universitetinin Qazax Mərkəzinin magistrantları, Bakı Dövlət Universitetinin Qazax filialının, Xəzər Universitetinin müəllimləri, Avey Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Ağstafa və Qazax rayonları üzrə baş mütəxəssisləri və ziyalılar iştirak etmişlər.
Tədbir çərçivəsində ilk olaraq, qoruq ərazisində yerləşən kurqanlardan əldə olunmuş maddi-mədəniyyət nümunələri, eləcə də həyata keçirilən elmi layihələri əhatə edən çap məhsullarından ibarət sərgi nümayiş etdirilmişdir.
Beynəlxalq elmi seminar ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlü, Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev, qoruğun baş fond mühafizəçisi İsmayıl Omarlı, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, professor Nəcəf Müseyibli, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri Dr. Azad Zeynalov, Dr. Anar Ağalarzadə, böyük elmi işçi, arxeoloq Lola Hüseynova çıxı etmişlər. Bölgədə aparılan Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyasının üzvləri - İtaliya Roma Sapienza Universiteti və CAMNES (Qədim Aralıq dənizi və Yaxın Şərq Tədqiqatları Mərkəzi) təşkilatının arxeoloqları Alice Mendola, Roberta Sanna, Borgesi Aurora, Emanuela Scalisi, Ciacera Macauda Dario və La Causa Giulia aparılan müzakirələrdə öz fikirlərini bildirmişlər.
Məruzələr zamanı bölgənin daş dövründən başlayaraq, sonrakı tarixi mərhələlərinə aid yaşayış məskənləri, kurqanlar, qədim istehkamlar və digər arxeoloji abidələr haqqında yeni elmi məlumatlar təqdim olunmuş, mövcud tədqiqatların nəticələri ətrafında məhsuldar müzakirələr aparılmışdır. İştirakçılar tərəfindən səsləndirilən fikir və təkliflər regionun arxeoloji potensialının gələcəkdə daha geniş şəkildə araşdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Hazırda Çeyrançöl bölgəsində daş dövrünə dair aparılan tədqiqatlarda iştirak edən AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, Dr. Yaqub Məmmədov çıxışında bölgədə daş dövrünə dair aparılmış tədqiqatlardan söz açmış, xüsusən 2016-2023-cü illərdə Damcılı mağarasında Azərabyacan-Yaponiya birgə beynəlxalq arxeoloji ekspedisiyasının tədqiqatlarından bəhs etmişdir. Qeyd etmək lazımdır ki, Dr. Yaqub Məmmədov 2016-2019-cu illərdə bu tədqiqatların iştirakçısı, 2022-2023-cü illərdə isə Azərbaycan tərəfdən həmrəhbəri olmuşdur.
Tədbirin sonunda qeyd edilmişdir ki, belə elmi seminarlar və sərgilər ölkənin zəngin mədəni irsinin təbliği, elmi biliklərin ictimaiyyətə çatdırılması, gənc nəslin tarix və arxeologiyaya marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu təşəbbüslər bölgənin qədim tarixinin daha dərindən öyrənilməsinə, beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə və mədəni irsin qorunması sahəsində yeni əməkdaşlıq imkanlarının formalaşmasına mühüm töhfə verir.