Kitabxana-informasiya fəaliyyətində sual-cavab rejimi sənəd dövriyyəsinin əsas meyarlarından biri sayılır. Çünki kitabxanalarda sənəd-informasiya axınının məqsədəuyğun istiqaməti sənəd dövriyyəsinin əsas atributlarından biridir. Hazırda kitabxanalarda süni intellektin rol və əhəmiyyəti sənəd-informasiya fondlarından informasiya axtarşının təminatını operativləşdirir. Təbii ki, süni intellekt imkanlarının yaradılması üçün əsas motivasiyalardan ən vacibi verilənlər bazasının mövcudluğudur. Verilənlər bazasının zənginliyi süni intellektin iş prisipinin səmərəlilik meyarına təsir edən əsas amil olaraq xarakterizə olunur. Hazırda respublikanın akademik kitabxanalarında: Milli Kitabxana, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası, BDU-nun Elmi Kitabxanası, ADA Universitetinin kitabxanası, Xəzər Universitetinin Elmi Kitabxanası və digərlərində süni intellektin tətbiqi istiqamətində davamlı işlər aparılır və bu istiqamətdə xeyli nailiyyətlər əldə olunur.