2026-cı il mayın 17-22-də Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumu (WUF-13) ilə əlaqədar Xəzər Universiteti və Ufuk Planlama şirkətinin birgə təşkilatçılığı ilə “Kent Orman Yaşam Atölyesi”nin 9-cu sessiyası təşkil olunub. “Gənclər evini axtarır: bu gün və gələcəyin tələbə yaşayış məkanları” mövzusuna həsr olunan multidisiplinar təlim layihəsi 2026-cı il mayın 4-8-də Xəzər Universitetinin Neftçilər kampusunda yerləşən Mərmər salonda keçirilib.
2026-cı il mayın 4-də olan açılış zamanı şəhidlər 1 dəqiqəlik sükutla yad olunub, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra Xəzər Universitetinin Musiqi və incəsənət departamenti tərəfindən musiqi orkestrinin çıxışı təqdim olunub. Açılış nitqləri ilə Türkiyədən “Ufuk Planlama” və “Kent Orman Yaşam Atölyesi” qurucusu, Ankara Universitetinin müəllimi Dr. Nejla Kılınç və Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr. Fəxrəndə Əfəndiyeva çıxış ediblər.
Xəzər Universiteti və “Ufuk Planlama” şirkətinin əməkdaşlığı çərçivəsində artıq üçüncü təlim layihəsi uğurla həyata keçirilir. Layihənin ilk mərhələsi 30 may – 3 iyun, ikinci mərhələsi isə 27–31 oktyabr 2025-ci ildə təşkil olunmuşdu.
Dr. Nejla Kılıncın rəhbərliyi ilə təşkil olunan layihə türksoylu gəncləri bir araya gətirib. Təlim proqramında Türkiyənin aparıcı universitetlərindən 10 və Xəzər Universitetindən 30 tələbə iştirak edib. Layihə çərçivəsində şəhərsalma, memarlıq, landşaft memarlığı və digər sahələr üzrə multidisiplinar yanaşmalar tətbiq olunub.
Layihənin əsas məqsədi gələcəyin şəhərlərində gənclərin və tələbələrin yaşayış ehtiyaclarını araşdırmaq, dayanıqlı və insan yönümlü yaşayış məkanları konsepsiyaları hazırlamaq, urban inkişafın sosial və ekoloji aspektlərini tələbələrin baxışında təhlil etmək olub. Təlim müddətində iştirakçılar həm nəzəri biliklər əldə edib, həm də praktiki studiya işləri vasitəsilə müasir şəhərsalma yanaşmalarını tətbiq etmək imkanı qazanıblar.
Layihə müddətində Dr. Nejla Kılınç, Aydoğan Kılınç, Prof. Dr. Güzin Ayranoğlu, Bahar Dikensak, Selman Toplu, Ersin Ekici, Rəşad Ələkbərov, Dos. Fərhunə Atakişiyeva və Urfan Məmmədov kimi mütəxəssislər və müəllimlər tələbələrlə öz peşəkar təcrübələrini bölüşərək, mövzu ilə bağlı tövsiyə və məsləhətlər veriblər.
Dörd gün davam edən intensiv studiya proqramı çərçivəsində tələbələr dörd qrupa bölünərək, “Gənclər evini axtarır” mövzusunda konseptual layihələr hazırlayıblar. Layihələrdə tələbələrin sosial həyatı, ortaq istifadə məkanları, yaşıl və təhlükəsiz yaşayış mühiti, enerji effektivliyi, çevik memarlıq həlləri və gələcəyin şəhərlərində gənclərin yaşayış tələbatları əsas istiqamətlər kimi ön plana çıxıb.
Sessiyanın açılışı TRT Avaz tərəfindən işıqlandırılıb və televiziya vasitəsilə yayımlanıb. Beynəlxalq media tərəfindən göstərilən maraq gənc memar və şəhərsalmaçıların ideyalarının daha geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyıb.
Layihənin bağlanış mərasimi və final təqdimatları 2026-cı il mayın 8-də keçirilib. Final təqdimatlarında iştirakçılar hazırladıqları layihələri münsiflər heyəti və qonaqlar qarşısında təqdim edərək, gələcəyin tələbə və gənclik yaşayış modelləri ilə bağlı innovativ yanaşmalarını nümayiş etdiriblər. Təqdim olunan layihələrdə ağıllı texnologiyalar, ekoloji davamlılıq və sosial əlaqələri gücləndirən ictimai məkan konsepsiyaları xüsusi maraq doğurub.
Təlim proqramının sonunda bütün iştirakçılar sertifikatlarla təltif olunublar. İştirakçılar layihənin onlara şəhərsalma və yaşayış məkanlarının gələcəyi haqqında multidisiplinar düşünmək, nəzəri biliklərini praktik layihələrdə tətbiq etmək və beynəlxalq təcrübə qazanmaq baxımından mühüm imkan yaratdığını bildiriblər.
“Kent Orman Yaşam Atölyesi”nin 9-cu sessiyası WUF-13 münasibətilə keçirilən və gənclərin yaşayış məkanlarının gələcəyinə həsr olunan beynəlxalq əhəmiyyətli akademik və praktik platformalardan biri olub.
https://www.instagram.com/reels/DX9amR5op-l/
https://x.com/xezeruni/status/2052647438717190482
https://www.facebook.com/photo?fbid=1374744194695010&set=pcb.1374745908028172
https://www.instagram.com/p/DYEzm5xiHVr/?img_index=1
https://www.instagram.com/p/DYEZTrBCBx-/?img_index=1
https://www.instagram.com/p/DYEzL9jDSWY/?img_index=1