2026-cı il aprelin 29-da Xəzər Universitetində Türkiyənin Qafqaz Universitetinin təşkilatçılığı, həmçinin, Türkiyənin Amasya Universiteti, Azərbaycanın AMEA Əlyazmalar İnstitutu, Gəncə Dövlət Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Özbəkistanın Beynəlxalq Buxara Universitetinin tərəfdaşlığı ilə “Türk dünyasında mədəniyyət və dəyərlərin izləri” 1-ci beynəlxalq simpoziumu keçirilib. İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə və işdə birlik” ideyası mövzusuna həsr olunmuş tədbir, Türk dünyasının tarixi köklərindən süzülüb gələn mədəni kodları və ortaq mənəvi dəyərləri müasir elmi müstəvidə bir araya gətirmək məqsədi daşıyıb.
Hibrid formatda təşkil olunan simpoziumda iştirak edən 143 alimdən 109-u Bakıdan əyani, 34-ü isə onlayn şəkildə müzakirələrə qoşulub. Beynəlxalq miqyaslı bu elmi toplantıda Azərbaycan və Türkiyə ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Malayziya və Əlcəzairdən olan tanınmış tədqiqatçılar öz elmi nailiyyətlərindən danışıb və təcrübələrini bölüşüblər.
Universitetin Mərmər zalında keçirilən tədbirin açılış mərasimində konfransın koordinatoru, Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun təmsilçisi Dr. Fəridə Seyidova simpoziumun elmi və siyasi əhəmiyyəti barədə danışaraq, yüksək səviyyəli evsahibliyinə görə, təşkilat komitəsi adından universitet rəhbərliyinə minnətdarlığını bildirib. Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva çıxışında Türk dünyasına xidmət edən belə bir platformaya evsahibliyi etməkdən qürur duyduqlarını qeyd edib. Rektor R. İsayeva universitetin beynəlxalq əlaqələrindən bəhs edərək, qurumun son illərdə bir tədqiqat universitetinə çevrilməsi yolunda atılan addımları konkret statistik göstəricilərlə diqqətə çatdırıb.
Konfransın təşkilat komitəsinin sədri, Qafqaz Universitetinin Xaraqani İnstitutunun direktoru Dos. Muhammed Alparslan Kartal Qafqaz Universitetinin rektoru Prof. Hüsnü Kapının salamlarını çatdıraraq, Türk-İslam vəhdətinin dövlətlərimizin inkişafındakı hərəkətverici rolunu vurğulayıb. O, konfransın təşkilat komitəsinin sədr müavinləri Dos. Murat Sarıgül, Dos. Məleykə Məmmədova və koordinator Dr. Fəridə Seyidovaya təşəkkür edib. Dos. Kartal rektor Raziyə İsayevaya üzərində Türk bayrağı toxunmuş xüsusi xalçanı “bayrağı əmin əllərə təslim edərlər” sözləri ilə hədiyyə edib. Qarşılıqlı hörmət əlaməti olaraq, Xəzər Universiteti adından da qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Tədbir Türk Dil Qurumunun üzvü, Qafqaz Universitetinin əməkdaşı Prof. Mitat Durmuşun nitqi ilə davam edib. Çıxışına “Azərbaycan ürəyimdə şah damardır” sitatı ilə başlayan professor, Türk dünyasının birliyi yolunda atılmalı olan strateji addımlardan bəhs edərək, konfransın bu hədəfə nail olunmasındakı rolunu yüksək qiymətləndirib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Dos. Mehman Həsənli Türk xalqları arasındakı elmi və mədəni inteqrasiyanın müasir dövrdəki əhəmiyyətini vurğulayıb. O, bu qəbildən olan elmi tədbirlərin müxtəlif ölkələrin alimləri arasında birbaşa əlaqələrin qurulmasına xidmət etdiyini bildirərək, simpoziumun işinə uğurlar arzulayıb.
Amasya Universitetinin professoru Hasan Yerkazan da öz çıxışında Türk dövlətlərinin sarsılmaz birliyinin əhəmiyyətinə toxunub. Mərasimin sonunda Özbəkistanın Mirzə Uluğbəy adına Milli Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Prof. Sərdarxan Cahangir qardaşlıq və hörmət əlaməti olaraq, qonaqları Azərbaycan dilində salamlayıb. O, konfransın Türk birliyinin elmi əsaslarla gücləndirilməsi baxımından önəmini geniş təhlil edib.
Simpozium öz işini dil, ədəbiyyat, mədəniyyət, tarix, arxeologiya, sosiologiya, milli kimlik, din və fəlsəfə istiqamətləri üzrə 11 müxtəlif bölmədə davam etdirib. Müzakirələrdə türk boylarının qədim dövrlərdən bu günədək davam edən qarşılıqlı təsirləri fənlərarası kontekstdə təhlil edilib. Yekunda qeyd olunub ki, Azərbaycan, Türkiyə və Özbəkistanın elmi qurumlarının bu cür birgə təşəbbüsləri Türk dünyasının ortaq gələcəyinin mədəni və elmi təməllərini daha da sarsılmaz edir.