Xəzər Universitetinin Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə 2016-cı il bakalavr məzunu Günay Kərimova Cənubi Koreyanın Koreya Universitetində (Korea University, Seoul, South Korea) doktorluq dissertasiyasını uğurla müdafiə edərək , Ətraf Mühit Elmləri və Ekoloji Mühəndislik (Environmental Science & Ecological Engineering) ixtisası üzrə Fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alıb.
Onun dissertasiya mövzusu “Diflubenzuron insektisidi və polilaktik turşu (PLA) əsaslı mikroplastiklərin Daphnia magna üzərində birgə toksik təsiri: humik turşunun və ultrabənövşəyi (UV) aşınmanın rolu” (“Combined Toxicity of the Insecticide Diflubenzuron and Polylactic Acid Microplastics on Daphnia magna: Role of Humic Acid and UV Weathering”) adlanır. Tədqiqatda insektisid diflubenzuron və polilaktik turşu əsaslı mikroplastiklərin su ekosistemlərində yaşayan Daphnia magna orqanizminə birgə toksik təsiri, həmçinin , humik turşunun və UV şüalanmanın bu prosesdə rolu araşdırılıb. Mövzu su ekosistemlərinin qorunması və su keyfiyyətinin qiymətləndirilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.
Günay Kərimova doktorantura təhsili müddətində Koreya Universitetinin Su Keyfiyyəti Laboratoriyası tərəfindən də yüksək qiymətləndirilib və uğurlu PhD müdafiəsinə görə təşəkkürnaməyə layiq görülüb.
2021-ci ildə Qlobal Koreya Təqaüd proqramının (The Global Korea Scholarship (GKS)) qalibi olan Günay Kərimova 2022–2025-ci illəri əhatə edən PhD fəaliyyəti dövründə beynəlxalq səviyyədə mühüm uğurlara imza atıb. Onun ekoloji mühəndislik və hidrobiologiya sahəsində apardığı tədqiqatlar nüfuzlu elmi platformalarda yüksək qiymətləndirilib və bir sıra mükafatlarla təltif olunub.
Günay Kərimova 2022-ci ildə Seul şəhərində Ekoloji və İnfrastruktur Mühəndislik Koreya Cəmiyyəti tərəfindən təşkil olunan konfransda (Korean Society of Ecological and Infrastructure Engineering Conference, 2022 응용생태공학회) “Development of harmful algae bloom control technology using Daphnia-derived infochemicals” adlı elmi araşdırma ilə çıxış edib və həmin tədqiqat işi ən yaxşı iş kimi qiymətləndirilərək “Qızıl mükafat”a (“Gold Award”) layiq görülüb.
Günay Kərimova daha bir uğurunu 2024-cü ilin iyul ayında Seulda Asiya Hidrobiologiya Cəmiyyəti (Asian Society for Hydrobiology) tərəfindən təşkil olunan 6-cı ikillik konfransda (6th Biannual Conference of the Asian Society for Hydrobiology – ASH) qazanıb. “The sublethal toxicity (48h) for Diflubenzuron on water flea, Daphnia magna” adlı tədqiqat işi yüksək elmi dəyərinə görə , nüfuzlu Brain Korea 21 (BK21 – Brain Korea 21 Program) “Best Award” – “Ən Yaxşı Mükafat” ilə qiymətləndirilib.
Cənubi Koreya, Yaponiya, Çin və Qazaxıstanda keçirilən müxtəlif beynəlxalq konfranslarda da aktual ekoloji problemlərə dair məruzələrlə çıxış etmiş Günay Kərimova su ekosistemlərinin qorunması, biomüxtəlifliyin davamlı idarə olunması və antropogen təsirlərin qiymətləndirilməsi kimi mövzularla elmi ictimaiyyət qarşısına çıxıb.
Günay Kərimovanın uğuru Xəzər Universitetinin məzunlarının beynəlxalq elmi mühitdə əldə etdiyi nailiyyətlərin növbəti nümunəsidir.