Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə 2026-cı il fevralın 20-də Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dillər qovuşanda” adlı bədii-musiqili tədbir keçirilib. Tədbir fərqli dillərin və mədəniyyətlərin söz və sənət vasitəsilə bir araya gəldiyi ortaq düşüncə mühitini nümayiş etdirmək, ana dilinin qorunmasının və inkişafının əhəmiyyətini bir daha diqqətə çatdırmaq məqsədilə yerli və əcnəbi tələbələrin iştirakı ilə təşkil olunub.
Tədbiri Azərbaycan filologiyası ixtisasının Çinin Pekin Xarici Dillər Universitetindən CSC (Chinese scholarship consul) mübadilə proqramı əsasında Xəzər Universitetinə gəlmiş 3-cü kurs əcnəbi tələbəsi Tunar (Tu Kaiyanq) açaraq, Beynəlxalq Ana Dili Gününün tarixi və mahiyyəti haqqında məlumat verib. Sonra proqram süni intellekt texnologiyası ilə hazırlanmış videoçarxın nümayişi ilə davam edib. Videoçarx vasitəsilə Azərbaycan dilçiliyinə böyük töhfələr vermiş alimlərimiz tamaşaçıları salamlayıb.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı ana dilinin milli kimlik və mədəni irsin formalaşmasındakı rolundan bəhs edib. Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dr. Milana Abbasova ana dilinin ali təhsil mühitində qorunmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Bədii hissədə Azərbaycan poeziyasından nümunələr səsləndirilib. Azərbaycan dili və ədəbiyyatı ixtisasının 3-cü kurs tələbəsi Fidan Əzimova Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini təqdim edib. Azərbaycan filologiyası ixtisasının Çinin Pekin Xarici Dillər Universitetindən CSC (Chinese scholarship consul) mübadilə proqramı əsasında Xəzər Universitetinə gəlmiş 3-cü kurs əcnəbi tələbələri Tu Kaiyanq (Tunar), Kou Sinyən (Sevinc), Şi Fengjuan (Gülay) və Qi Çengyanq (Çingiz) isə Prof. Akad. Hamlet İsaxanlının “Sən sevdiyin bir gənc idi” şeirini deyiblər.
Biznesin idarə edilməsi ixtisasının 1-ci kurs əcnəbi tələbəsi Vala Elmaeil Zadeh və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi Leyla Həmzəyeva Məhəmmədhüseyn Şəhriyarın “Türkün dili” və “Heydərbabaya salam” şeirlərindən parçalar söyləyiblər. Dünya iqtisadiyyatı ixtisasının 1-ci kurs doktorantı Fələstindən Samar, Neft və qaz yataqlarının işlənməsi və emalı ixtisasının 1-ci kurs doktorantı Somalidən Əbdülrəzzaq və Ekoloji kimya ixtisasının 1-ci kurs doktorantı Pakistandan Fəriha Tofiq Bayramın “Ana dilim” şeirini deyiblər.
Tədbir çərçivəsində Xəzər Universitetinin tələbələrindən ibarət rəqs qrupu musiqi nömrələri ilə çıxış edib. Regionşünaslıq ixtisasının 2-ci kurs tələbəsi Xalidə Əliyeva Mədəniyyət və incəsənət departamentinin müdiri, Əməkdar müəllim Zülfiyyə Sadıqovanın fortepianoda müşayiəti ilə Azərbaycan xalq mahnısı “Daşlı qala”nı, həmçinin, sözləri Fikrət Qocaya, musiqisi Tofiq Quliyevə aid olan “Biz mehriban ailəyik” mahnısını ifa edib.
Sonda Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova iştirakçılara və qonaqlara təşəkkürünü bildirərək, tədbiri yekunlaşdırıb.