2025-ci il dekabrın 3-5-də Lefkoşada Yaxın Şərq Universiteti Rumi Araşdırmaları Mərkəzinin və Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun (MƏFAİ) birgə təşkilatçılığı ilə 10-cu Beynəlxalq Rumi Konfransı keçirilib. Ənənəvi xarakter daşıyan bu konfransın ötən ilki toplantısı Bakıda Xəzər Universitetinin ev sahibliyi ilə keçirilmişdi. 2023-cü ildə iki universitet arasında imzalanmış əməkdaşlıq memorandumu əsasında builki konfransa Yaxın Şərq Universiteti ev sahibliyi etmişdir.
“Mövlana baxış bucağından sülh və uzlaşma” mövzusuna həsr olunan beynəlxalq elmi toplantıya 12 ölkədən alim və tədqiqatçılar qatılıblar. Açılış mərasimində Yaxın Şərq Universiteti Rumi Araşdırmaları Mərkəzinin rəhbəri Prof. Qədir Golkarian çıxış edərək, konfransın artıq ardıcıl şəkildə davam edən elmi və mənəvi bir ənənəyə çevrildiyini, Mövlana irsinin çağdaş dünyada dialoq, anlayış və mənəvi dirçəliş üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlının konfransa göndərdiyi müraciət MƏFAİ-nin koordinatoru Dr. Fəridə Seyidova tərəfindən təqdim olunub. İsaxanlı mesajında Rumi konfranslarının yalnız elmi diskurs deyil, həm də mənəvi platforma yaratdığını, imzalanmış memorandumun tərəflər arasında möhkəm elmi-mədəni tərəfdaşlığın əsasını qoyduğunu bildirib. O, həmçinin mərhum şərqşünas Nəzakət Məmmədlinin bu əməkdaşlığın formalaşmasındakı rolunu xüsusi qeyd edib və müasir dünyanın qeyri-sabitliyi şəraitində Mövlana təliminin – sevgi, mərhəmət və mənəvi kamillik ideyalarının aktuallığını önə çəkib.
Yaxın Şərq Universitetinin prorektoru Prof. Mustafa Kurt çıxışında universitetin təsəvvüf araşdırmalarına dəstəyini vurğulayıb və tədbirin müxtəlif ölkələrdən gəlmiş alimləri ortaq elmi və mənəvi platformada birləşdirdiyini qeyd edib.
Lefkoşa şəhər bələdiyyəsinin sədri Mehmet Harmancı isə belə bir beynəlxalq tədbirə ev sahibliyi etməyin şəhərin mədəni həyatına verdiyi töhfələrdən danışıb.
Açılış panelində Prof. Adnan Karaismailoğlu, Prof. Nuri Şimşəklər, Prof. Nimet Yıldırım və Mövlananın 22-ci nəsildən olan varisi Dr. Esin Çələbi Mövlana irsinin tarixi inkişafı, poetik sistemi, mənəvi psixologiyası və qlobal sufi ənənələrə təsiri barədə məruzələrlə çıxış ediblər. Sonra keçirilən “İrfani və sufi musiqisi” proqramında Arəş Qasemi`nin rəhbərliyi ilə İranlı musiqiçilər – Hamid Xazai, Emran Foruzəş, Səid Mirzəhüseyni və Milad Bayat Mövlana yaradıcılığından ilhamlanan klassik irfani melodiyalar səsləndiriblər.
Konfransın birinci günü iki elmi sessiya ilə davam edib. Prof. Nuri Şimşəklər`in rəhbərlik etdiyi ilk sessiyada Prof. Esra Karabacak Ruminin metaforalarında sülh konsepsiyasını, Prof. Xuraman Hümmətova Şeyx Qalib divanında Mövlana təsirini, Dr. Muharrem Sayğın “Məsnəvi” və Əlişir Nəvai divanlarında dini metaforaların işlənməsini, Dr. Şəhanə Şahbazova Mövlananın ərəb şeirlərinin tematik və struktur xüsusiyyətlərini, Prof. Əsmətxanım Məmmədova isə eliziya hadisəsinin poetik-fonetik çalarlarını təhlil ediblər.
Prof. Adnan Karaismailoğlu`nun rəhbərlik etdiyi ikinci sessiyada Dos. Şəbnəm Golkarian Mövlana yaradıcılığının memarlıqda inikası, Dos. Xatirə Yusifova daxili hüzurdan ictimai barışa keçid modeli, Dr. Rəşad Həsənov Mövlana və Nəsimidə “məstlik” anlayışının poetik mahiyyəti, Prof. Lütfiyyə Əsgərzadə Rumi`nin Azərbaycan poeziyasına təsiri, Fidan Nəsirova nəfslə mübarizədə mənəvi qələbə ideyası, Dr. Fəridə Seyidova isə Gülşəni`nin Mövlanaya həsr etdiyti farsca divanının strukturu və poetikası haqqında danışıblar.
Günün sonunda Lefkoşa Bələdiyyəsinin təşkil etdiyi rəsmi ziyafət və Atatürk Mədəniyyət Mərkəzində İranın “Fəravaz” irfani musiqi qrupunun konserti keçirilib. Qrupun ifası Mövlana musiqi irsinin çağdaş üslubda təqdim olunmasına nümunə kimi böyük maraqla qarşılanıb.
Konfransın ikinci günü Prof. Slobodan İliç`in rəhbərlik etdiyi üçüncü sessiya ilə başlayıb. Sessiyada Dr. Neil Watson Mövlananın və İsa peyğəmbərin təlimlərindəki mistik paralellərdən söz açıb. Yazıçı Bahman Şokouhi sufi düşüncəsi əsasında qurulan daxili dialoq mövzusunda məruzə edib. Dos. Nargiza Şoaliyeva Ruminin Özbək ədəbiyyatına təsirini, Xəzər Universitetinin əməkdaşı misirli alim Əhməd Sami Elyadi isə Mövlana`nın ərəb mədəni mühitinə təsirini araşdırıb. Ardınca Prof. Esra Karabacak`ın rəhbərlik etdiyi dördüncü sessiyada Dos. Zöhrə Əliyeva Mövlana və Yunq`un arxetiplərini, Məryəm Karaaziz və Emel Sunar Rumi`də psixoloji böhranların çözümü ilə bağlı yanaşmaları, Məryəm Karaaziz və Sümeyra Yakar isə Jung və Mövlana paralellərində mənliyin inkişaf yolunu şərh ediblər. Dos. Aytac Zeynalova isə Mövlana ideyalarının sevgi və birlik fəlsəfəsi baxımından mənəvi-coğrafi xarakterini təqdim edib.
Konfransın ikinci günü yekun müzakirə və bağlanış sessiyası ilə davam edib. Prof. Qədir Golkarian`ın moderatorluğu ilə Prof. Nimet Yıldırım və Prof. Əsmətxanım Məmmədova konfrans çərçivəsində aparılan elmi müzakirələri ümumiləşdirərək, Rumi araşdırmalarının gələcək istiqamətləri barədə təkliflərini səsləndiriblər. Axşam saatlarında isə Kipr Türk Ticarət Palatasının təşkil etdiyi rəsmi ziyafət baş tutub. Tədbir Girne şəhərinə təşkil olunmuş mədəni ekskursiya ilə başa çatıb.
10-cu Beynəlxalq Rumi Konfransı Mövlana Cəlaləddin Rumi`nin irsinin müasir elmi kontekstlərdə yenidən dəyərləndirilməsinə, təsəvvüf, ədəbiyyat və fəlsəfə sahələri arasında əlaqələrin dərinləşməsinə, eləcə də müxtəlif ölkələrdən olan alimlər arasında mənəvi-intellektual körpülərin qurulmasına mühüm töhfə verən nüfuzlu beynəlxalq platforma kimi yadda qalıb.