2019-cu il mayın 24-də Çin Xalq Respublikasının Anhui əyalətinin Elm və Texnologiya departamentinin baş direktor professor Xiaochun Wan və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Derun Wang, Anhui Kənd Təsərrüfatı Universitetinin Çay, Qida Elmi və Texnologiyası fakültəsinin dekanı professor Zheng Zhu Zhang, Anhui Universitetinin professorları Chaoling Wei və Enhua Xia Azərbaycana, Xəzər Universitetinə səfər etmişdir. Universitetdə səmimi qarşılanan nümayəndə heyəti Xəzər Universitetinin kollektivinə Anhui Universiteti, bu elm ocağının fəaliyyət istiqaməti, kadr hazırlığı, çayçılıq sahəsində əldə olunmuş nailiyyətlər və bu sahədə aparılan tədqiqatlar haqqında ətraflı məlumat vermişlər. Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova Xəzər Universitetinin Azərbaycanın ilk özəl universitet olduğu, buradakı təhsilin səviyyəsi, fakültələr, gələcək perspektivlər, beynəlxalq arenadakı uğurları, dünya üzrə təhsil reytinqində tutduğu mövqe və iştirak etdiyi layihələr barədə haqqında ətraflı məlumat verdi.
Mayın 25-də professor Chaoling Wei Xəzər Universitetində keçirilən “Tək Sağlamlıq: Problemlər və həllər” konfransında əsas məruzəçilərdən biri kimi çıxış edərək, çay bitkisi və onun insan sağlamlığında və sosial həyatda rolu haqqında təqdimat etdi. Təqdimatdan sonra qonaqlar “Astaraçay” MMC-nin çay fabrikinə səfər etdilər. Alim və mütəxəssislər “Astaraçay” MMC-nin çay fabrikində istehsal prosesi, “Çay muzeyi”ndə nümayiş etdirilən məhsullar və eksponatlarla tanış oldular, Astara çayının dadına baxmaqla, Azərbaycanda əsrlər boyu formalaşmış çay içmək mədəniyyəti ilə tanış oldular. Həmçinin, fabrikdəki çayçılıq avadanlıqlarının müasir standartlara cavab verdiyini bildirməklə, burada istehsal olunan qara çayın keyfiyyətini, dadının yüksək səviyyədə olduğunu vurğuladılar. Professor Azərbaycan ilə əlaqələri bu sahədə genişləndirəcəyini və Azərbaycan çayının keyfiyyətinin daha da artırılması üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Daha geniş məlumatı bu link vasitəsilə əldə etmək olar:
Mayın 27-də Xəzər Universitetində səfərin yekununa həsr olunmuş görüş keçirildi və Xəzər Universiteti ilə Çinin Anhui universiteti arasında tələbə, təcrübə və tədqiqat memorandumu imzalandı. Həmçinin, 2-ci “Çay, qəhvə və kakao” Beynəlxalq konfransının 2020-ci ilin noyabrında Xəzər Universitetində keçirilməsi müzakirə edildi.