2019-cu il aprelin 4-də Xəzər Universiteti, İstanbul Aydın Universiteti, İstanbul Texniki Universiteti və Çin Elmlər Akademiyası və Avrasiya Universitetləri Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Hava–Yer–Dəniz qarşılıqlı əlaqələri” adlı 1-ci Beynəlxalq Konfransın açılışı oldu. Tədbir konfransın moderatoru Coğrafiya və ətraf mühit departamentinin müdiri Dr. Rövşən Abbasovun açılış nitqi ilə başladı.
Daha sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı gələn qonaqları salamladı, konfransda müzakirə olunacaq mövzuların, qurulacaq əlaqələrin vacibliyi və əhəmiyyəti haqqında danışdı. Konfransın açılış mərasimi Xəzər Universitetinin rektoru professor İradə Xəlilovanın, İstanbul Aydın Universitetinin prorektoru Zafer Aslanın nitqi ilə yekunlaşdı. Konfransın ilk günündə iştirakçılar tərəfindən alternativ enerji mənbələri, atmosferdə baş verən dəyişikliklər, dəyişikliklərin təbiətə təsiri, müxtəlif regionlarda ətraf mühit problemləri, səbəbləri müzakirə olundu. Birinci gün konfransın əsas mövzusuna dair keçirilən vorkşopla yekunlaşdı.