2019-cu il fevralın 28-də Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin Həyat elmləri departamentinin təşkilatçılığı ilə 1 Mart –Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Fövqəladə Hallar Nazirliyi Nizami rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi mayor Cavid Quliyev, universitetin müəllim heyəti və tələbələri iştirak edirdilər.
1 Mart –Ümumdünya Mülki Müdafiə Günü hər il bir mövzuya həsr edilir. Xəzər Universitetinin əməkdaşı və ehtiyatda olan polkovnik-leytenant Mais Talışxanov tədbiri açıq elan etdi və tələbələrə mülki müdafiənin əhəmiyyəti, vəzifələri, əhalinin fövqəladə hallara qarşı necə hazırlaşmağın yolları haqqında ümumi məlumat verdi.
Bundan sonra tədbiri aparmaq üçün söz universitetin Təbiət elmləri və mühəndislik fakültəsinin tələbələri Leyla Orucova və Ülviyyə İsmaylovaya verildi. Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkşaf yolu, Azərbaycanın bu təşkilatda rolu barədə məlumatı tədbir iştrakçılarına həmin fakültənin tələbəsi Nuranə Əhmədova təqdim etdi. Tədbir tələbə Nərgiz Verdiyevanın hazırladığı “Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir” mövzusunda prezentasiyası ilə davam etdi. Tədbirdə video –təqdimat materiallarının kompüter həllini tələbə Xəzər Binyətov etmişdi.
Tədbir praktiki hissə ilə davam etdirildi. Tənəffüs orqanlarının ən sadə mühafizə vasitəsi kimi istifadə olunan pambıq-tənzif sarğının hazırlanması qaydasını tədbir iştirakçılarına tələbə Məleykə Əzizova praktiki göstərdi. Fövqəladə hallar zamanı xilasetmə işlərinə aid olan, insanlara ilk tibbi yardım zamanı süni tənəffüsün verilməsi və ürəyin qapalı masajının qaydaları tələbə Nərminə Süleymanova tərəfindən nümayış olundu. Bundan sonra tədbir iştirakçılarına sınıqlar və travmalar zamanı təxirə salınmadan ilk tibbi yardımın qaydalarını tələbələr Mehbarə Həsənova və Nüranə Umudova təqdim etdilər.
Tədbirdə Xəzər Universitetinin əməkdaşı, MM qərargahının üzvü, Neft-qaz mühəndisliyi departamentinin müdiri dosent Qəşəm Zeynalov çıxış etdi, tələbələrə fövqəladə hallarda hazırlıq, xəbərdarlıq yolları haqqında məlumatlar verdi və onların suallarını cavablandırdı.
Tədbirin sonunda Azərbaycan Respublikasında fövqəladə hallar və mülki müdafiə hazırlığı haqqında videofilm nümayiş etdirildi.