2017-ci il mayın 15-də Xəzər Universitetinin Mərmər salonunda İran Mədəniyyət Mərkəzi və Xəzər Universitetinin təşkilatçılığı ilə İranın Buşəhr vilayətindən gəlmiş “Şalu” zərb alətləri ansamblının konserti oldu. Konsertdə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı başda olmaqla universitetin rəhbərliyi, əməkdaşlar və tələbələr, iranlı qonaqlar – İran Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi və müavini Əlireza Behbudi iştirak edirdilər.
Konsertdən əvvəl universitetin rektoru Hassan Niknafs çıxış edərək, qonaqları salamladı. İran Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi çıxışında İranın musiqi mədəniyyəti haqqında qısa məlumat verdi, ölkələrarası əlaqələrin yaranmasında və inkişafında mədəniyyətin böyük əhəmiyyətini vurğuladı.
Sonra “Şalu” ansamblı çıxışa başlayaraq, məharətini nümayiş etdirdi. Salondakıların böyük marağı və alqışları ilə qarşılanan konsertin sonunda rektor Hassan Niknafs konsertin təşkilinə görə İran Mədəniyyət Mərkəzinə və “Şalu” kollektivinə təşəkkürünü bildirdi.