2017-ci il mayın 7-də “Dünya” məktəbinin konfrans salonunda Xəzər Universiteti məzunlarının 42-ci buraxılış mərasimi keçirildi. Mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, valideynlər və qonaqlar iştirak edirdilər. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı.
Xəzər Universitetinin rektoru Nassan Niknafs məzunları təbrik edərək, yeni həyat yollarında onlara uğurlar arzuladı.
Qeyd olundu ki, 26 il ərzində universiteti, bugünkü məzunlar da daxil olmaqla (94 bakalavr, 7 magistr), 3038 bakalavr, 623 magistr bitirmişdir. Onlardan 767-si fərqlənmə diplomu almışdır.
Universitetin rəhbərliyi adından məzunlara ünvanlanan məktub tədbirin aparıcıları tərəfindən oxundu.
Mərasimdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Xəzər Universitetinin əvvəlki məzunlarının təbrik video-çarxları nümayiş etdirildi. Daha sonra məzunlara diplomların təqdim olunması mərasimi başlandı. Diplomları rektor Hassan Niknafs, prorektor Məhəmməd Nuriyev, fakültə dekanları və departament müdirlərı, müəllimlər təqdim etdilər.
Mərasimdə tələbəlik müddəti ərzində Xəzər Universitetində könüllü fəaliyyət göstərən 4 məzun “ fəal fəaliyyətlərinə” görə təltif olundular və sertifikatları prorektor İsaxan İsaxanlı təqdim etdi. Məzunlardan ibarət xorun çıxışından sonra, onlar Xəzər Universitetinin andını söylədilər. Mərasimdə keçmiş məzunlar adından Mərkəzi Bankın Təhsil və ikişaf departamentinin şöbə rəisi Xumar Hüseynova, Dəmirbank ASC Baş ofisinin şöbə müdiri, Məzunlar Assosiasiyasının sədr müavini Ramal Əhmədov, Azərbaycan Respublikası Prezident Administrasiyasının əməkdaşı Səadət Novruzova çıxış edərək bildirdilər ki, aldıqları təhsil, qazandıqları bilik və bacarıqlar “Xəzər”in məzunlarına seçdikləri sahədə uğur qazanmalarına zəmin yaradır. Onlar dövlət qurumlarında, özəl şirkətlərdə çalışır, böyük layihələrə, yeniliklərə imza atırlar, xeyli hissəsi öz özəl işlərini qururlar.
Valideynlər adından Azadə Səmədova çıxış edərək, universitetin rəhbərliyinə və müəllim kollektivinə minnətdarlıq bildirdi.
Məzunlardan Nizami Əliyev, Ayşən Bəşirova və Hüseyn Qəhrəmanlı Hamlet İsaxanlının “Səni sevdim çox sadəcə” şeirinə nəzirələr söylədilər.
Professor Hamlet İsaxanlı məzunları təbrik etmək üçün mərasimdə çıxış etdi. O, universitetdə yaradılmış əlverişli təhsil mühitindən, yalnız yüksək keyfiyyətli mütəxəssislər yox, eyni zamanda hərtərəfli inkişaf etmiş gənc nəsil yetişdirilməsindən, professor-müəllim heyətinin gərgin və səmərəli işindən, universitetin dünyanın aparıcı ali məktəbləri ilə hərtərəfli əlaqələrindən, maddi-texniki bazanın daim genişlənməkdə olmasından və “Xəzər”in beynəlxalq təşkilatların reytinq cədvəllərində daim fərqlənərək, Azərbaycan universitetləri arasında birinci yeri tutmasından, həmçinin universitetin gələcəkdə həyata keçirəcəyi tədbirlərdən ətraflı bəhs etdi.
Mərasim məzun olan tələbələrin foto şəkillərindən hazırlanan video-çarxlar və slayd-şouların nümayişi və Musiqi və incəsənət departamentinin hazırladığı, universitetin rəqs kollektivlərinin çıxışlarından ibarət konsert proqramı ilə müşayiət olundu.
Mərasim məzunların Hamlet İsaxanlıya gül dəstələrinin təqdim olunması və xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.