Xəzər Universiteti Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsi və Həyat elmləri departamentinin təşkilatçılığı ilə 2026-cı il noyabrın 5-də doktorant Nərmin Axundovanın “19-cu xromosomda yerləşən mikroRNA toplusunun skelet əzələ hüceyrələrinə funksional təsirləri” mövzusunda seminarı keçirilmişdir.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Imperial College London Universitetində “Molekulyar biologiya” ixtisası üzrə doktorantura təhsili alır.
Xəzər Universiteti Həyat elmləri departamentinin tələbə və müəllim heyətinin iştirak etdiyi seminarda əzələ itkisində mikroRNA-ların əhəmiyyəti, mövcud eksperimental metodlar, mümkün bioinformatik üsullara dair mövzulara toxunulmuş və bu sahədə aparılan yeni araşdırmaların nəticələri müzakirə edilmişdir.