2026-cı il noyabrın 8-də Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev AnewZ kanalının həftəsonu proqramında iştirak edib. Aparıcı Bəxtiyar Həsənovun suallarını cavablandıran Dos. Vəliyev Azərbaycan–Türkiyə münasibətlərini və Cənubi Qafqazda davamlı sülhün perspektivlərini müzakirə edib.
Müsahibə zamanı aparıcı Prezident İlham Əliyevin qələbəni milli qürur və birliyin mənbəyi kimi səciyyələndirdiyini xatırladaraq, bu qələbənin Azərbaycanın milli kimliyinə, ictimai inama və ölkənin regiondakı mövqeyinə dair təsəvvürlərə təsiri ilə bağlı sual ünvanlayıb. Dos. Orxan Vəliyev qələbənin Azərbaycanın dövlət gücünün, milli birliyinin və həmrəyliyinin möhkəmlənməsindəki əhəmiyyətini vurğulayıb.
O, həmçinin, müharibə dövründə Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyin rolundan danışıb, iki ölkə arasında müttəfiqlik münasibətlərinin mühüm göstəricilərindən biri olan Şuşa Bəyannaməsinin əhəmiyyətinə toxunub. Müsahibədə Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması qarşısında duran maneələr və onların aradan qaldırılması üçün atılmalı olan addımlar da müzakirə olunub.