Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev Türkiyənin İstanbul şəhərində keçirilən “TRT World Forum 2026”-da iştirak edib. TRT-nin təşkilatçılığı ilə bu il onuncu dəfə təşkil olunan forum 7–8 noyabrda “Mərkəzsiz dünya: qaydalar qüvvəsini itirdikdə kim liderlik edəcək?” mövzusuna həsr olunub. Tədbir müxtəlif ölkələrdən siyasətçiləri, diplomatları, akademikləri və media nümayəndələrini bir araya gətirib.
Forum çərçivəsində qlobal güc balansındakı dəyişikliklər, beynəlxalq hüquq, diplomatiya, süni intellekt və enerji böhranları kimi aktual məsələlər müzakirə olunub. Açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran və TRT-nin baş direktoru Mehmet Zahid Sobacı çıxış ediblər. Forumun ikinci günündə Türkiyənin xarici işlər naziri Hakan Fidanın iştirakı ilə beynəlxalq bağlantısallıq və nəqliyyat dəhlizlərinin geosiyasi əhəmiyyəti müzakirə olunub.
Dos. Orxan Vəliyev forum çərçivəsində keçirilən “Mərkəzi Asiya Avrasiyanın yenidən formalaşmasının mərkəzində” (“Central Asia at the Heart of Eurasian Reordering”) adlı paneldə müzakirəçi (discussant) qismində iştirak edib. Paneldə Mərkəzi Asiyanın artan geosiyasi və geoiqtisadi əhəmiyyəti, Orta Dəhliz, Türk Dövlətləri Təşkilatının regional inteqrasiyadakı rolu, eləcə də Cənubi Qafqaz və Zəngəzur dəhlizi vasitəsilə formalaşan nəqliyyat və enerji bağlantıları müzakirə olunub. Panelin əsas məruzəçiləri arasında Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliev, Özbəkistanın keçmiş xarici işlər naziri Vladimir Norov, AQEM-in keçmiş baş katibi Kairat Sarybay və Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin akademik işlər üzrə birinci prorektoru Akram Umarov yer alıblar.
“TRT World Forum 2026” iki gün ərzində beynəlxalq və regional gündəmin aktual məsələlərinin müzakirəsi, müxtəlif baxışların və təcrübələrin bölüşülməsi, eləcə də qlobal problemlərə dair həll yollarının nəzərdən keçirilməsi üçün mühüm beynəlxalq platforma rolunu oynayıb.