Xəzər Universiteti İT departamentinin rəhbəri, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Fərid Musayev Apple cihazlarının təhlükəsizliyi və istifadəçilərin qarşılaşdığı kibertəhlükələr barədə SİA-ya açıqlama verib.
Ekspert bildirib ki, Apple hesablarına yönələn əsas təhlükələrdən biri texniki hücumlardan daha çox sosial mühəndisliklə bağlıdır. Dələduzlar istifadəçiləri parol, təsdiq kodu paylaşmağa və ya saxta sorğuları təsdiqləməyə inandırmağa çalışırlar. Yenilənməmiş cihazlarda məlum təhlükəsizlik boşluqlarından istifadə riski də artır.
Fərid Musayev istifadəçilərə əməliyyat sistemini mütəmadi yeniləməyi, Passkey və Advanced Data Protection funksiyalarından istifadə etməyi, Stolen Device Protection-u aktivləşdirməyi tövsiyə edib. O, həmçinin mobil operator hesabına PIN təyin edilməsinin, Apple ID-də etibarlı cihaz və nömrələrin yoxlanılmasının vacibliyini vurğulayıb.
Mütəxəssis saxta təhlükə bildirişlərinə, “məlumatlarınız silinəcək” tipli pəncərələrə və Apple adından edilən şübhəli zənglərə qarşı diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, xüsusilə yaşlı istifadəçilərə və ailə üzvlərinə təsdiq kodlarını heç kimlə paylaşmamaq qaydasını izah etmək vacibdir. Korporativ mühitdə isə Apple Business Manager və MDM vasitəsilə cihaz və tətbiq təhlükəsizliyinin mərkəzləşdirilmiş idarə olunması tövsiyə edilir.
Fərid Musayev qeyd edib ki, ən effektiv müdafiə tədbirləri sistem yeniləmələrini vaxtında quraşdırmaq, parol və təsdiq kodlarını paylaşmamaq, eləcə də fişinq cəhdlərini tanımaqdır.
Mənbə: SİA