“Statcounter” agentliyinin məlumatına görə, 2026-cı ilin oktyabrında Azərbaycanda mobil cihazların elektron cihazlar bazarındakı payı 65,87 faiz təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,97 faiz artıb. Kompüterlərin payı isə 33,71 faizə düşərək 35 faiz azalıb.
Xəzər Universitetinin İnformasiya Texnologiyaları Departamentinin rəhbəri, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Fərid Musayev Medianews.az-a açıqlamasında bildirib ki, bu tendensiya həm texnoloji inkişaf, həm də istifadəçi vərdişlərinin dəyişməsi ilə bağlıdır. Smartfonların əlçatanlığı, mobil tətbiqlərin geniş yayılması və mobil internetin inkişafı insanların gündəlik rəqəmsal fəaliyyətlərində telefonlara üstünlük verməsini sürətləndirir.
Ekspert vurğulayıb ki, mobil cihazların artması kompüterlərdən tam imtina demək deyil. Proqramlaşdırma, data analitikası, mühəndislik, dizayn və mürəkkəb akademik işlər üçün kompüterlər hələ də vacibdir. Kompüterdən istifadənin azalması gənclərdə peşəkar rəqəmsal bacarıqların formalaşması baxımından risklər yarada bilər.
Fərid Musayev mobil cihazlardan istifadənin artmasının informasiya təhlükəsizliyi ilə bağlı yeni risklər də yaratdığını qeyd edib. Tətbiqlərin həddindən artıq icazələri, cihazların itirilməsi və ya oğurlanması, eləcə də saxta bildirişlər və fişinq hücumları şəxsi məlumatların təhlükəsizliyini təhdid edə bilər.
Onun sözlərinə görə, bazarda mobil tətbiqlərə və bulud əsaslı həllərə tələbatın artması, mobil operatorlardan daha güclü infrastruktur və data mərkəzlərinə ehtiyac yarada bilər. Süni intellekt isə həm mobil cihazların imkanlarını genişləndirəcək, həm də AI-PC kimi yüksək hesablama gücünə malik kompüterlərin peşəkar sahələrdə əhəmiyyətini artıracaq.
Mənbə: Medianews.az