Xəzər Universitetinin Humanitar təhsil və sosial elmlər fakültəsində 2026- cı il oktyabrın 30- da tələbələr üçün “Cultural Diplomacy as Pedagogy” mövzusunda təlim keçirilib.
İnteraktiv təlimi Humanitar təhsil və sosial elmlər fakültəsinin dekan müavini Günay Hacızadə və rektorun icraçı köməkçisi Humay Hüseynova keçiblər. Təlim “Süni intellekt (AI) şəxsi narrativlərin və media obrazlarının işlənməsi və dizaynı vasitəsi kimi: mədəni diplomatiya bacarıqlarının gücləndirilməsi, sosial və multikultural münasibətlərin təşviqi” adlı beynəlxalq əməkdaşlıq layihəsi çərçivəsində təşkil olunub.
Təlimdə mədəni diplomatiyaya keçidin, yəni mədəniyyəti göstərməkdən dialoq və qarşılıqlı mübadilə qurmağa keçidin əhəmiyyəti, mədəniyyətin yalnız ənənələrdən ibarət olmadığı, hər insanın çoxqatlı kimliyə malik olması müzakirə edilərək izah olunub. Tələbələr şəxsi hekayələrini bölüşərək, stereotiplərin və dialoqa mane olan amillərin üzərində düşünüblər.
Tələbələr, həmçinin, başqa mədəniyyətlərdən olan insanlarla ünsiyyətdə yaranan fərziyyələri təhlil edib və eyni hekayənin necə müxtəlif şərh oluna biləcəyini araşdırıblar. Təlim simulyasiya və qrup işləri ilə davam edib.
Müzakirələr zamanı mədəni diplomatiyanın təhsilə inteqrasiya yolları, fərqli ixtisaslarda mədəni fərqlərin əks olunması və müəllimin mədəni vasitəçi kimi rolu da diqqət mərkəzində olub.
Təlim tələbələrdə mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq mövzusunda həssaslığın artmasına xidmət edib.