Lokal anti-terror əməliyyatı nəticəsində işğaldan azad olunmuş Xankəndi şəhər stadionunda 2023-cü il dekabrın 21-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb. Prezident İlham Əliyev görüşün əvvəlindəki çıxışında torpaqlarımızın işğaldan azad olunmasında canlarından keçən şəhidləri və qaziləri xüsusi minnətdarlıqla yad edib və Azərbaycanın artıq tam müstəqil suveren bir dövlət olduğunu vurğulayıb.
Tədbirə şəhid ailələri, qazilərlə yanaşı elm adamları, jurnalistlər, sənətçilər, siyasi xadimlər olmaqla geniş bir kontingent qatılıb. Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyev də müvafiq dövlət qurumunun dəvəti ilə tədbirdə iştirakçı olub.