Aprelin 1-də Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkilatçılığı ilə Norveçin Azərbaycandakı səfiri Bard Ivar Svendsen Norveçin regional inteqrasiya proseslərində iştirakı haqqında mühazirə ilə çıxış etdi. Mühazirədən əvvəl o, Xəzər universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdü.
Mühazirəsinin əvvəlində səfir ölkəsinin regiondakı siyasətinə təsir göstərmiş tarixi amillərdən bəhs etdi. Norveç və Avropa İttifaqı (Aİ) haqqında danışarkən, Aİ-yə üzv olmayan Norveçi ittifaqın daxili bazarına məhdudiyyətsiz giriş ilə təmin edən Avropa İqtisadi Sahəsi haqqında Saziş barəsində ətraflı məlumat verdi. O, həmçinin, Norveçin Aİ-yə üzv olmaq istəməməsinin səbəbləri haqqında danışdı, Norveçin regional səviyyədə əməkdaşlıq etdiyi “Nordic-Baltic 8” formatı, Arktik Şura və Barens Əməkdaşlığı haqqında da məlumat verdi.