2017-ci il aprelin 18-də Rumıniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Dan İanku Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentində qonaq oldu. Səfir İanku cari ilin mayında təşkil olunması nəzərdə tutulan Rumıniya-Azərbaycan Təhsil Forumu ilə bağlı məlumat verdi. Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, Jan Monne Kürsüsü mükafatı laureatı, Siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə Xəzər Universitetinin dərəcə proqramları haqqında geniş məlumat verdi. O, həmçinin Rumıniya universitetlərinin tələbələrinin Xəzər Universiteti Təqaüd proqramı ilə bağlı məlumatlandırmasını da səfirdən xahiş etdi. Görüş iştirakçıları tərəfindən akademik mobillik və tələbə mübadiləsinin önəmi xüsusilə vurğulandı. Səfirliyin Diplomatik müşaviri Mihaela İanku və departamentin koordinatoru Elmar Mustafayev də görüşdə iştirak edirdilər.